“Gözləntilərimiz bir xal və ya qələbədir. Çünki "evdə" ən real xal alacağımız komanda İrlandiyadır”.
Bu sözləri DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya yığmasına qarşı keçirəcəyimiz matçdan öncə Offsideplus.az-a açıqlamasında millimizin sabiq üzvü Əfran İsmayılov deyib.
İsmayılov millimizin bu matçdan bir və ya üç xalla ayrılacağını qeyd edib:
"Evdə ən real xal alacağımız komandalar Lüksemburq və İrlandiya idi. Lüksemburq alınmadı. İrlandiya ilə matçda çalışacağıq ki, maksimum nəticə qazanaq. Bu, Serbiya millisi ilə oyuna pozitiv nəticə ilə çıxa bilmək üçün çox vacibdir".
Təcrübəli futbolçu rəqib komandanın sabahkı matça iki əsas itki ilə çıxacağı məsələsinə də fikrini bildirib:
"İnanmıram ki, onların yerini doldurmayan oyunçu tapılmasın. Heyətlərində Avropa təcrübəsi görmüş futbolçuları var".
Millinin sabiq üzvü İrlandiya yığmasının komanda şəklində o qədər də yaxşı olmadığını deyib:
"İrlandiya millisinin futbolçuları nə qədər güclü klublarda oynasalar da, komanda şəklində Lüksemburq millisindən geri qalırlar".
Xatırladaq ki, sabah keçiriləcək Azərbaycan - İrlandiya oyunu 20:00-da başlayacaq.
Cavid Əliyev