Millimizin üzvü Mahir Mədətov Qırğızıstan yığması ilə yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, ikinci hissədə meydana daxil olan və komandamızın 2-ci qoluna imza atan “Qarabağ”ın hücumçusu əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Millidə dəyişikliklər var, özünüz də görürsünüz. Ona görə də heç bir oyuna asan demək olmaz. Bütün görüşlərimiz çətin keçir. Bu gün də ilk hissəyə yaxşı başladıq. Amma rəqib sıxan kimi hiss olunurdu ki, təzyiq altına düşürük. Amma sonradan toparlana bildik. Əsas odur ki, qələbə qazandıq. Bu, mo1tivasiya baxımından bizim üçün çox önəmli idi. Qarşıda daha 2 yoldaşlıq oyunu var. Həmin matçlara köklənməli, onları da yüksək səviyyədə keçirməliyik.

- Meydana daxil olduqdan sonra millinin oyununda canlanma hiss olundu. 1 qol vurub, bir də məhsuldar ötürmə verdin. Oyunun xeyirimizə dəyişməyində sənin nə dərəcədə rolun oldu?

- Özümü oyuna yaxşı köklədim. Məşqçi də mənə güvəndi. Meydana hansı dəqiqədə çıxmağımızın fərqi yoxdur. Bura milli komandadır. Hamımız Azərbaycan üçün çalışırıq. Canla-başla borcumuzu yerinə yetirməliyik.

- Səncə, zəif rəqib üzərində böyük hesablı qələbə milliyə nə qazandırdı?

- Rəqib bizə çətinliklər yaradırdı. Məşqdə etdiklərimizi oyunda reallaşdırmağa çalışırdıq. Məncə, Qırğızıstan siz dediyiniz qədər dəzəif deyildi.

- Qurban Qurbanovun başçılığı altında millidə ilk qələbinizi qazandınız. Millətlər Liqasında da rəqiblər bir qədər zəifdir. Bu amil sizə motivasiya verə bilər?

- Siz kimə zəif deyirsiniz? Bizim üçün zəif rəqib yoxdur. Bu üzdən hər görüşə özümüzü maksimum kökləməliyik. İndi futbolda hər cür sürpriz mümkündür.

- Millətlər Liqasında da ev oyunlarını çox güman ki, Bakı Olimpiya Stadionunda keçirəcəksiniz. Boş tribunalar önündə oynamaq motivasiyanızı aşağı salmayacaq?

- İstəyirik ki, azarkeşlər gəlsinlər, bizi dəstəkləsinlər. Ümid edirəm ki, yoldaşlıq görüşü və Ramazan ayı olduğundan bu gün az adam gəlmişdi. İnanıram ki, Millətlər Liqası görüşlərində stadionu dolduracaqlar.