Azərbaycan Premyer Liqasının 6-cı turunda "Keşlə"yə 0:2 hesabıyla uduzan "Sabah"ın baş məşqçisi matçdan sonra keçirilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

"3-cü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominant tərəf idik. İkinci qol başadüşüləndir. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə şeylərin tez-tez təkrarlanması mənə çatmır. Bir var oynamırsan və məğlub olursan, bu, anlaşılandır. Oynayıb uduzmağı başa düşə bilmirəm. Hakimliklə bağlı danışmaq istəyirəm. İlk turda “Səbail”lə matçda da hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”a qarşı qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə verdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, təmiz penalti idi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin?".

- Konkret “Sabah”a qarşı qərəz var?

- Bir dəfə də bizim epizodu görsünlər. Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir.

- Qapıya gedən zərbənizi müşahidə etmədik...

- Zərbələr var, sadəcə dəqiqlik çatışmır. 90 dəqiqə oynayırsan, amma sonluq olmur.

- Klub rəhbərliyi ilə danışığınız olub? Fasilədən sonra sizi “Sabah”ın baş məşqçisi kimi görəcəyik?

- Bu sual keçən dəfə də verilmişdi. Ətraflı danışacağıq. İstefadan çəkinmirəm və qorxmuram.

- Dominantlıq edirsiz, amma qol vurmaq mümkün olur. Böhrandan çıxış planınız nədir?

- Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir.

- Heyətdə radikal dəyişiklik edə bilərsinizmi?

- Görünən heyətimiz budur. Kənarda qalan bircə Zurab Oçiqava və Xuan Kamaradı. Kamara böyük ümidlərlə gətirilib. Onun yoxluğu epizodlarda özünü göstərirdi.