"Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov Premyer Liqamızın 5-ci turunda "evdə" "Qarabağ"la heç-heçə etdikləri matçdan (1:1) sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, görüşlə bağlı bunları deyib:
- Ardıcıl məğlubiyyətlər aldıq, futbolçuları bu oyuna kökləmək lazım idi. Ötən matçdan sonra futbolçuları toparlamaq üçün bir həftə çalışdıq. Yeni həftəyə pozitiv enerji ilə başlamağa, nə qədər çətin olsa da, futbolçuların üzərindən gərginliyi atmaq üçün əlimizdən gələni etdik. Bilirdik ki, “Qarabağ” kimi komanda ilə daha çox müdafiə olunacağıq və konsentrasiyanı itirməyərək, öz şansımızı gözləməliyik. Bəli, qapımız qarşısında kifayət qədər qol epizodu yaratdılar, lakin futbolçularım xarakter göstərdi. Sona qədər inandılar, güc sərf etdilər. Öz üzərimizə düşən vəzifənin öhdəsindən gəldik.
- Oyunu kənardan izlədiniz. Tribunadan oyuna nəzarət etmək çətin olmadı ki?
- Qırmızı vərəqə aldım. Gənc futbolçumuz topa oynamışdı və buna görə də etirazımı bildirdim. Bu gün uduzmamaq çox vacib idi. Həm triunada, həm texniki zonada oyuna baxmaq çətindir. Lakin futbolçularıma təşəkkür edirəm, oyundan qopmadılar.
- Bəlkə onları artıq gərginlikdə saxlayırsız?
- Bir həftə ərzində məşqlərdə gülüb-danışırdıq. Gərginlik yox idi. Daha çox müdafiə olunub, şansımızı gözlədik. Bu gün emosialarımı futbolçulara göstərməməyə çalışdım.
- Netonu tənqid etdiniz və qol vurdu. Bu dəfə kimi tənqid etmək istəyirsiniz?
- Keçən dəfə Neto elə bil səhv etdi ki, bu, peşəkar futbolçuya yaraşmır. Oyunçular tənqidlərdən nəticə çıxarmalıdılar. Analizlər zamanı hər şeyi, bütün səhvləri göstəririk, bəzən aqressiv, bəzən sakit başa salırıq. Onların borcu bu səhvlərdən nəticə çıxarmaqdır.
- Ötən mövsüm “Qarabağ”dan xal aldıqdan sonra uğursuz seriyaya düşdünüz. Bu gün qazanılan 1 xalın sizə neqativ təsir edəcəyini düşünmürsünüzmü?
- “Qarabağ”a qarşı həm hücumda, həm müdafiədə diqqətli olmalıydıq. Bu xal bizim üçün çox vacib idi. İşlərimizi davam etdirmək üçün pozitiv bir haldır.
- Neto qol vursa da, bəzi epizdolarda yenə də arxaya çəkilir. Bununla necə mübarizə aparacaqsınız?
- İnanıram ki, bu problem aradan qalxacaq. Mən də oyunun gedişində bir neçə dəfə bunu bildirdim özünə.
- Boyoviçi ötən tur tənqid etdiniz, lakin bu gün start heyətində meydana buraxıdnız...
- Mətbuat konfransında dediyim sözləri özünə də dedim. Pozitiv olmasını, təcrübəli oyunçu olduğunu bildirdim və məhz buna görə də bu gün start heyətində meydana buraxdım.