“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi” ilə keçirilən qarşılaşmadan (0:3) sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Qurbanov qarşılaşma haqqında bunları deyib.
"Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Çempionatda ilk 4 oyunda məğlub olmağı gözləmirdik. Bəlkə transferlərdə tələsdik. Omar Qudiabi və Aldair Neto nəinki kömək etmirlər, hətta öz qapımıza qol vururlar. Bu, mənim səhvimdir. “Neftçi” belə olsa, uduzmaq təsir edir. Qol epizodlarından istifadə etmirik, psixoloji gərginlik və təziq var. Qarşıdakı günlərdə nə olacaqsa, olacaq.
- İstefa gündəmdədirmi?
- Kuboku udmağımızı təsadüf adlandırdılar. Futbolda təsadüflər olmur. Mən də başa düşürəm ki, hər məğlubiyyətdən sonra çemodan bir az da dolur. Rəhbərlik desə, mən getməyə hazıram. Bu gün qolvursaydıq, fərqli olardı. Desəm ki, pis oynadıq - yox. Rəhbərlik mənə deyib ki, başını aşağı sal və işlə. Bəziləri düşünürlər ki, mən tutub “Keşlə”ni buraxmıram. Bu, futboldur. İstefa gündəmdədir. Əgər mənə desələr ki, get, gedəcəm.
- Məğlubiyyətlərin səbəbi nədir?
- Pxisoloji gərginlik. Komandanın məşqlərində artım var. Oyundan əvvəl futbolçulara gərgin olmamaları üçün xahiş etdim. 11 futbolçunun 4-ü axsayırsa. Burada günah məndədir. Gərək səbr edib, başqa futbolçuları transfer edərdik. Avrokubok da bizi tələsdirdi. Çıxış yolları var: bəlkə mənim getməyim, bəlkə də bir az səbr.
- Rəhbərliyə təşəkkür edirəm ki, arxamızda dayanıb. Bütün oyunlara baxırıq, məşqləri analiz edirik. Sona qədər mübarizə aparacağıq. Rəhbərlik də görür ki, mən səhər bazaya gəlirəm, gecə gedirəm. Biz titul qazandıq, sonra fiasko yaşayırıq. Qətiyyən təzminat söhbəti də edən deyiləm. Əgər lazım gəlsə, gedəcəm. Bu uğursuzluqların səbəbini axtarırıq. Mənim üçün ikiqat ağırdır, lakin mübarizə aparıram.
- Şimali Makedoniya çempionatından gələn legionerlərdən nə gözləyirdiniz?
- Tamamilə razıyam. Gənc futbolçularla meydana çıxsaydım, bəlkə “Soçi” ilə daha yaxşı oynayardıq. Məşqlərdə elementar şeyləri edə bilmirdik və mən dəli oluram. Avrokubok oyunu bizi tələsdirdi.
- Çempionata başlayanda bütün komanda “ağ səhifədən” başlayır. Axı niyə mövsümün əvvəlində gərginlik var?
- “Sumqayıt”la oyunda 28 zərbə vurduq qapıya və 0:2 hesabı ilə uduzduq. Bunu analizdə deməyə məcburam və futbolçu gərginləşir. Məğlub olandan sonra daha gərgin oluruq. Bunu düzəltmək istəyirik, lakin… Mən deyə bilmərəm ki, “çıxın və bildiyiniz kimi oynayın”. Bunu bacarmıram. Əgər futbolçu gərgindirsə, mən onun səhvini deməliyəm. Bu gərginliyi aradan qaldırmaq üçün çalışırıq. Bütün günü kitab oxuyuram ki, bəlkə bunun cavabını kitablarda taparam. Futbolçulara “Qladiator” filmi haqqında danışırıq ki, bəlkə gərginlikləri getsin.
- Şəhriyar Əliyev və Azər Salahlı müəyyən səbəblərdən oynamırdı və mərkəz müdafiəçi kimi İlkin Qırtımovu meydana buraxdınız. Miyuşko Boyoviçin durumu həqiqətən pisdir?
- Rəqibin cərimə meydançasında daha çox olmaq istəyirik. Başa düşürük ki, əks-hücumlarda mərkəz müdafiəçilərin arxasına top göndəriləcək. Əli Qurbani Boyoviçi keçdi, digəri qaçdı… Məşqlərdə mən də yoxladım, bəlkə mən də qaçıb onu keçə bilərəm. Artıq boğaza yığılmışam.
- Vəziyyəti düzəltmək üçün sizə nə qədər vaxt lazımdır?
- Yalnız “Sumqayıt”la oyunda komandadan razı oldum. Bu matça da pis başlamamışdıq, lakin taktiki səhvlər səbəbindən uduzduq. Bu gün kompakt oynasaydıq və Aldair Netonun əvəzinə mən olsaydım və qol vursaydım, bu gün 1:0 qalib gələcəkdik.