"Bu oyuna 3 xal üçün çıxmışdıq. Sadəcə olaraq müdafiədə buraxdığımız bir səhv hər şeyi dəyişdi. Buna baxmayaraq, futbolçularımı çıxışı, əzmkarlığına görə alqışlayıram. Bu gün həddindən artıq qalib gəlmək istəyən komanda gördüm. "Zirə" kimi komandayla oyunda normal nəticədir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Ramin Quliyev Premyer Liqamızın 4-cü turunda səfərdə "Zirə" ilə heç-heçə etdikləri matçdan (1:1) sonrakı mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komandanın istəkli olduğunu qeyd etdiniz, ancaq biz bunu ikinci hissədə gördük. İlk yarıda belə oynamamağınızın səbəbi nə idi?
- Hesab bərabər olanda hamı ehtiyatlı davranır, işini sığortalayırsan. Ancaq qol buraxdıqdan sonra hücumlarının kəsərini artırırsan. Ötən turda "Qəbələ" ilə oyunu xatırlasaq, həmin görüşdə də kəsəri artırdıq, ancaq bunun özü də bir riskdir. Sonda ikinci qolu buraxmışdıq, bu gün də eyni hal təkrarlana bilərdi. Komandamız hücumda daha aktiv görünürdü və bunun da məntiqi sonluğunu gördük.
- İlk xal və qol. Bu, "Sabah" üçün nə dərəcədə dönüş nöqtəsi ola bilər?
- 3 oyunda məğlub olmuşduq və 1 qolumuz da yox idi. Bu gün əsas problemimiz hücum xəttimizdə keyfiyyətli forvardların olmamasıdır. Hücumda dişsizliyimiz görünürdü. Ancaq Petar Skuletiç və Xulio Rodriqes artıq sıralara dönüb və növbəti oyunda onları meydanda görə biləcəyik.
- Bu oyunda məğlub olacağınız təqdirdə komandadan gedəcəyiniz deyilirdi. İlk xal buna mane olacaq?
- Getməyimlə bağlı söz-söhbətlər tez-tez təkrarlanır. Məni buran gətirən klub rəhbərliyidir. Onların dəstəyini artıqlaması ilə görürəm. Məğlubiyyətlərə rəğmən rəhbərlik mənə güvənir.