"Danışılası çox şey yoxdur. Məğlub olduq. "Qəbələ"ni təbrik edirəm. Müdafiədə buraxdığımız uşaq səhvi qapımıza qolla nəticələndi. Bundan sonra gedişatı dəyişmək istəsək də, alınmadı.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Ramin Quliyev Premyer Liqamızın 3-cü turu çərçivəsində "evdə" "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komandada sanki istəksizlik var. Elə görünürdü ki, futbolçular pressinq etmək istəmir. Sizcə də belə idimi?
- Mən elə deməzdim. Artıq 3-cü turdayıq və məğlubiyyətlər komandada bir balaca özünəinamsızlıq yaradır. 3 oyunda qol vurmamağımız bu inamsızlığı daha da artırır. Kənardan istəksiz olduğumuz görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır.
-Bu vəziyyətdən çıxış planınız var?
- Çıxış yolu olmalıdır. Yenə deyəcəm ki, bir balaca vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Çıxış yolu olmalıdır və oyunlara baxıb təhlil edəcəyik.
- Komandada narahatlıq olduğu deyilir. Bu haqda nə deyə bilərsiniz?
- Komanda daxilində hər şey yaxşıdır. Düzdür, məğlubiyyətlər kiməsə xoş deyil, ancaq ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır.