"Neftçi"yə transfer ediləcəyi gözlənilən Avstraliya millisinin hücumçusu Nikita Rukavitsanın "ağ-qaralar"a keçidi baş tutmayıb.
Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında bakılıların Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev verib.
Klub sözçüsünün dediyinə görə, 34 yaşlı forvardla müqavilənin şərtləri barədə razılıq əldə olunsa da, o, sonradan şəraiti bəyənmədiyindən transferdən imtina edib:
"Müqavilənin maddi tərəfi və digər şərtlər barədə razılıq əldə olunmuşdu. Rukavitsa Bakıda qalacağı ev, uşağının oxuyacağı məktəb və klubumuzun bazası ilə tanış olmaq istədiyini bildirdi. Gəlib baxdıqdan sonra şəraiti bəyənmədiyini dedi. Buna görə də müqavilə imzalanmadı".
Qeyd edək ki, sözügedən forvard karyerası ərzində "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt" kimi klublarda çıxış edib. Son ünvanı Hayfa "Makkabi"si olan futbolçu hazırda azad agentdir.