Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən "Keşlə" - "Sumqayıt" (0:2) matçından sonra meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb:
Offsideplus.az xəbər verir ki, Qurbanov ilk olaraq oyun barədə danışıb:
"İlk oyunlar həmişə gərgin keçir. İkinci hissədə daha fəal idik, qol epizodları yaratdıq. Futbolun tərs üzü də budur. Əks-hücumlarda 2 qol buraxdıq. Düşünürəm ki, hesab oyuna görə olmadı. “Sumqayıt” daha çox müdafiədə oynadı və əks-hücumlar qurdu. Bu oyunu unudub, gələcəyə baxmalıyıq. Başa düşürük ki, daha geniş düşünməliyik. Bizi üzən bu qədər qol epizodlarından yararlanmaq idi".
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissədə oyunu uzaqdan zərbələr üzərində qurdunuz. Bu, sizin xüsusi tapşırığınız idi?
- “Sumqayıt”ın qapanacağını bilirdik. Sadəcə qol imkanlarından istifadə edə bilmədik. Vəssalam
“Keşlə” necə qol vura bilər?
- Bu gün bəxt amili bizdən üz döndərdi. Yaxın məsafədən sadəcə dəqiq zərbə vurmalıyıq. Qarşılaşmadan nəticə çıxarıb, məşqlərdə bunun üzərində işləməyə çalışacağıq.
- Amil Yunanov oyuna çox gec daxil oldu...
- Müdafiəçini çıxarıb onu buraxdıq. Oyun planında axsayırdıq. Meydanda topa nəzarət etsək də, hücumçuya ehtiyac var idi. Amilin potensialına inanırıq. Gələcək oyunlarda onu da meydanda görəcəyik.