Azərbaycan millisinin və "Qəbələ"nin futbolçuları - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.
Offsideplus.az "Report"a istinadən xəbər verir ki, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.
Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə 100 min manat pulu geri qaytarmayıb.
Lakin A.Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib.
Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
A.Məhərrəmovun vəkili Ceyhun Yusifov "Report"a faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.
Qeyd edək ki, A.Məhərrəmov dələduzluqda ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.