Azərbaycan Premyer Liqası və kubok oyunları zamanı VAR sisteminin işində texniki problem yaranarsa, oyun dayandırılmayacaq.

Offsideplus.az-ın məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik KİV nümayəndələri üçün seminarda açıqlama verib.

Avstriyalı funksioner bildirib ki, AFFA və Peşəkar Futbol Liqası bununla bağlı öz aralarında razılaşmalıdır: "Hər hansı problem baş verərsə, görüş VAR-sız davam etdiriləcək. Bunu, çempionatın əsasnaməsinə də salmaq lazımdır. "Bizim hakimlərin Türkiyə çempionatının oyunlarındakı kimi, tez-tez kənara qaçmasını görməyəcəksiniz".

Ştuxlikin fikrincə, qırmızı vərəqə, penalti və qol epizodunda VAR-ın müdaxiləsi üçün müəyyən kriteriyalar var: "Məsələn, müdaxilə üçün yalnız birbaşa qırmızı vərəqə olmalıdır. İkinci "sarı"dan "qırmızı"ya görə VAR-a müraciət olunmayacaq. Penalti epizodunda hər hansı şübhə doğuran məqam varsa, mütləq VAR onu incələyəcək. Digər hallarda video-təkrara baxılmayacaq. Qol epizoduna gəlincə, bu zaman sırf qolun qaydalar çərçivəsində vurulub-vurulmadığı analiz ediləcək. Misal üçün, səhvən künc zərbəsi təyin olunubsa, və bu qolla nəticələnibsə, VAR epizoda müdaxilə etməyəcək".