Birinci divizonun qalibi “Xəzər”in baş məşqçisi Elşad Əhmədov tutduğu vəzifədən istefa verib.

Offsideplus.az xəbər verir ki,  bu haqda Qol.az-a klubun icraçı direktoru Emin Abbasov məlumat verib. Onun sözlərinə görə, baş məşqçi Elşad Əhmədovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Əldə etdiyimiz məlumata görə, E.Əhmədov karyerasını 2018-19 mövsümündə Premyer Liqada yarışacaq “Sabah”da davam etdirəcək. Artıq "Sabah"ın baş məşqçisi Arif Əsədovla yolları ayırdığı bildirilir.

E.Əhmədov özü Qol.az-a açıqlamasında "Sabah"a keçəcəyini təkzib etməyib: “Belə bir söhbət var, amma hələ heç nə dəqiqləşməyib. Bu gün axşama kimi hər şeyə aydınlıq gəlməlidir”.

Gənc mütəxəssis "Xəzər"dən ayrılması haqda danışarkən isə bunları deyib: "Xəzər"ə baş məşqçi təyin olunanda danışmışdıq ki, komanda Premyer Liqaya vəsiqə qazansa, işimi davam etdirəcəm. "Xəzər" yüksək liqaya buraxılmadığı üçün rəhbərliklə danışıb, yollarımızı ayırdıq".