Futbol üzrə Moldova millisinin baş məşqçisi Roberto Bordin sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, baş tutan mətbuat konfransında açıqlama verən 56 yaşlı mütəxəssis oyun və rəqib barədə danışıb:

"Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı sabah vacib oyuna çıxacağıq. Rəqib oyunçuları tanıyıram, baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Amma yolumuza davam etməyə çalışmalıyıq. Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yəni, yaxşı komandadır. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik".

Qeyd edək ki,  Moldova - Azərbaycan matçı iyunun 6-sı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Roberto Bordin 2018 - 2020-ci illərdə "Neftçi"yə baş məşqçilik edib.