"Karyeramda ilk kubokum və qızıl medalım idi. Çox şükür, bizə də qismət oldu. İnşallah ardı gələr".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan Kubokunun son qalibi "Keşlə"nin futbolçusu Nicat Qurbanov təəssüratlarını bölüşərkən deyib.
29 yaşlı yarımmüdafiəçi həlledici matçda meydanda olmamasından da danışıb:
"Oynamamağa gəlincə, məşqçinin qərarıdır. Deməli belə məsləhət imiş. Əsas odur ki, komanda olaraq bir olduq və kuboku qazandıq".
Xatırladaq ki, "Keşlə" dünən kubokun final oyununda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edərək ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququna yiyələnib.