Azərbaycan kubokunun finalında "Keşlə" "Sumqayıt" üzərində 2:1 hesablı qələbə qazanaraq çempion olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra mükafatlandırma mərasimində iştirak edən PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. 

- Ümumilikdə Azərbaycan futbolu üçün mövsümü necə dəyərləndirərdiz?
- 2019-20 mövsümü pandemiya ilə bağlı yarımçıq dayandırılsa da, şükürlər olsun ki, bu il belə olmadı. Layiqli komandalar layiqli yerlərdə qərarlaşdılar. Onlara avrokuboklarda uğurlar arzu edirik. İnşallah, püşkatmada bəxtləri gətirər, münasib rəqiblər düşər. Komandalarımızın bu mövsüm bizi sevindirməsini istəyirik.

- Kubokda və ya çempionatda sizin üçün sürpriz komanda çempion olmadı ki?
- Oyundan qabaq Riyada demişdim ki, uşaqları çox yorma! Onsuz da “Keşlə” qalib gələcək.

- Bu əminlik haradan idi?
- Vallah, bilmirəm. “Neftçi” Qarabağ” matçından əvvəldə demişdim ki, “flaqman” qalib gələrək çempion olacaq.

- Qəlbinizdə “Neftçi” sevgisi olduğuna görə belə düşünürdüz?
- Qurbana da, “Qarabağ”a da böyük hörmətim var. Sadəcə hisslərim belə demişdi. Hər kəsin ürəyində komanda olur. 8 komandanın hamısını ürəyimdə saxlaya bilmərəm ki. Özü də bilirsiz ki, ürəyimdən əməliyyat olmuşam. Artıq yüklənmə olmaz. “Neftçi”di də...

- Mövsümü azarkeşsiz başa vurmaq necə idi?
- Azarkeşlə yaxşı olur ki, stadionda qalmaqallar çox olur. Oyunlar daha maraqlı olur. Büdcəyə daha çox, pul gəlir. Sözsüz ki, hər iki oyunda azarkeşin olmaması məni çox üzdü. Amma gərək qaydalara əməl edək. Özbaşına deyilik. İlk növbədə insanların sağlamlığını düşünürük. İndi deyəcəklər ki, stadionlarda adamlar var idi. Onlar qazilərimiz, futbolçuların ailələri idi. Vətənimiz uğrunda canından keçənlərə yox deyə bilməzdik. Həmin şəxslər bizim baş tacımızdı. Sözsüz ki, istərdim ki, stadion tam dolu olsun. Belə alındı, nə etmək olar. Gərək qərarla razılaşaq. İnşallah, gələn il əmin əmanlıq olsun, hər şey əla olacaq.

- Lisenziyalaşdırma Komissiyası heç bir kluba Premyer-liqada iştirak etməyə icazə vermədi. Lakin yekun qərar İcraiyyət Komitəsinin iclasından sonra veriləcək. 1 faiz ehtimal varmı ki, gələn mövsüm çempionatda 10 komanda iştirak etsin?
- Birinci Divizionun mükafatlandırma mərasimində bildirdim ki, vaxtı ilə mənə sual vermişdilər ki, əgər “Xəzər Lənkəran” qayıdarsa, mübarizəyə Birinci Diviziondan başlayacaq, yoxsa premyer-liqadan? Sözsüz ki, qaydalar Birinci Diviziondan başlamasını tələb edir. Mən cavab vermişdim ki, bütün məsuliyyəti üzərimə götürüb, qanunsuzluq edib, həmin komandanı premyer-liqaya buraxmağı özümə borc bilərəm. Bundan da şərəf duyaram. Çünki bölgələrdə komandaların olmağı daha məsləhətdi. Bu gün də düz qeyd edirsiz ki, klublar lisenziya almasalar belə yekun qərarı İcraiyyə Komitəsi verəcək. Əgər o vaxta qədər doğurdan da sponsor tapılarsa, yenidən nəsə etmək olar. Həyatda düzəlməyən şey yoxdu. Hər şeyi yoluna qoymaq olar. Təki istək olsun. Bundan sonra hər şey etmək olar.

- Çempionatın sponsoru haqda hansı yenilik var?
- Növbəti mövsüm üçün söz veriblər ki, olmalıdı. Pandemiya ilə bağlı söhbətlərimiz alınmır. Sponsor nəyəsə maraq göstərib, gəlir. Biz onların qoyduğu tələbləri yerinə yetirə bilmiriksə, niyə sponsor olsunlar ki?

- Belə başa düşdük ki, tələblərdən biri azarkeşlərlə bağlıdı...
- həm tamaşaçılar, həm də reklamlar burada əsas rol oynayır. Onun da hansısa marağı var. Bizə havayı kim pul verər ki?

- “Neftçi” çempion olsa da, biz alışmışıq “Qarabağ”ın avrokuboklarda daha uğurlu çıxış etməsinə. Sizcə, “flaqman” bu uğurlu seriyanı davam etdirə biləcəkmi?
- Bu il çətin olacağını düşünürəm. Sözsüz ki, onlara uğurlar arzu edirəm. “Neftçi” hər birimizin sevimli komandasıdı. Hər birimiz körpəlikdə bu kluba azarkeşlik etmişik. Çətin olsa da, mübarizə aparmalıdılar. Bu, “flaqman”ın Çempionlar Liqasındakı oyunlarına qədər hazırlıq prosesindən asılıdı. Yeni futbolçuların cəlbi də burada əsas məsələdi. Hər şey transferlərdə və formalaşdıracaqları komandadan asılıdı. Bu günkü heyətlə uğurlu çıxış etməyəcəklərini deyə bilərəm.

- AÇ-2020-in 4 oyununun ölkə futboluna müsbət mənada hansı təsiri ola bilər?
- Ən azından ölkədə futbol izləyən azarkeşlərin sayı artar. Körpələr, gənclər dünya şöhrətli futbolçuları görərlər. Futbol onlar üçün daha maraqlı olar. Bu oyuna həvəs göstərənlərin sayı çoxala bilər.

- İşğaldan azad olunan ərazilərimiz var. Gələcəkdə oralarda klublar fəaliyyət göstərə bilərmi?

- Bu barədə məlumatlar var. Elə düşünməyin ki, mən Rövnəq müəllim, Elxan bəyi nəzərdə tuturam. Deyərdim ki, futboldan kənar yuxarı şəxsləri nəzərdə tuturam. Ancaq vəzifəli şəxslərdən eşitmişəm ki, hər bir rayonun öz klubu olmağı məsləhətdi. Stadionların tikilməsi ilə bağlı da məlumatlarımız var. İndi bəlkə də düşünərlər ki, azarkeşləri sevindirmək üçün belə deyirik.Amma həqiqətən də belə deyil. Cənab prezident buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaranacaq. Yəqin ki, bu şəhərin stadionu da olacaq. Ağdamda da yüzdəyüz olmalıdı. Kəlbəcərdə əvvəllər uşaqlar var idi ki, klub yaratmaq istəyirdilər. Qubadlıdan dəfələrlə istəyənlər olub. Bərdənin özündən əvvəllər ABN var idi. Bunların olmağı çempionata işıq saçar. Daha maraqlı olar futbolçular bölgələrə gedərlər. Bundan sonra hər bölgədən 1-2 futbolçu çıxsa, bizim oyunçuya ehtiyacımız olmaz.