Azərbaycan kubokunun finalında “Keşlə”  “Sumqayıt”ı 2:1 hesabıyla məğlub edərək kuboku başı üzərinə qaldırıb.

Offsideplus.az xəbər verir ki, "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.

Final hər zaman gərgin olur. Bura qədər uzun yol qət etdik, stresli günlərimiz oldu. İnandıq və futbolçuları psixoloji hazırlamağa çalışdıq. Hər zaman demişəm ki, bu işin qarşılığında uğurumuz olacaq. Klub prezidentini, futbolçuları təbrik edirəm. Titul qazanmaq yaxşı hissdir.

İkinci kubokunuzu qazandız. Bu qələbə sizin komandadakı gələcək karyeranıza necə təsir edəcək?
Əlbəttə, xoşbəxtəm. Gələcəklə bağlı hələ bir şey deyə bilmərəm. Vəziyyətə baxacağıq, zamanla hər şey bilinəcək.

İkinci dəfə “Sumqayıt”ı və Ayxan Abbasovu məğlub etmisiz. Bu haqda nə deyə bilərsiz?
Ayxan müəllimin komandası yaxşı oyun sərgiləyir. Onun komandalarına qarşı mübarizə aparmaq asan olmur. Maraqlı oyunlar oldu. Ayxan müəllimə və “Sumqayıt”a uğurlar arzu edirəm.

Bir məşqçi olaraq işinizi necə qiymətləndirirsiz?
Mən komandanı götürəndə işlər qaydasında deyildi. Futbolçulara öz fəlsəfəni aşılamaq üçün zaman lazım olur. Çempionatda nəticə baxımından yaxşı olmasaq da, oyun baxımından inkişaf var idi. Bəzi oyunlar var idi ki, qələbə qazanmalıyıq. Nəticə baxımından razılıq olmasa da, oyun baxımından yaxşı idi. Bu, özünü kubokda göstərdi və titul qazana bildik.

Özünüzdə heyətlə bağlı nəsə müəyyənləşdirmisiz?
Müqaviləm bitir və müzakirələrim olacaq. Mənlə yola davam edəcəklərsə, rəhbərliklə görüşüb, işlərlə məşğul olacağıq.

Oyundan əvvəl “Keşlə”nin heyətində ayrılıqların çox olacağı deyilirdi. Sezar Meza Kolli və Vüsal İsgəndərlinin komandada qalmasını istəyirsizmi?
Onlara təkliflərin olması normaldır. İstəyərəm ki, qalsınlar. Lakin yeni mövsüm üçün planlar qurmalıyıq. Futbolçulara təkliflər gələ bilər, bu, normaldır. Gələcəkdə nə baş verəcək, bilmirəm. Daim futbolçuları nəzarətdə saxlayırıq.

Avropa Konfrans Liqasına hazırlıq mərhələsində komandaya yeni futbolçular cəlb olunacaqmı?
Bu oyunda futbolçular xarakter göstərdilər. Layiqli qələbə qazandıq. Qarşıda avrokuboklarda ölkəmizi təmsil edəcəyik. Ola bilsin ki, hansısa futbolçu bizimlə qalmaq istəməsin. Qərarlarımı qısa zamanda verəcəm. İstədiyimiz oyun üslubuna uyğun futbolçu tapmaq asan deyir. Uğur olsa da, komandanı tərk edənlərin olması normaldır.

Avropa Konfrans Liqasında qarşınıza hansısa hədəf qoymusuz?
Turnirdə uğurlu olub, mərhələ keçmək istəyirik. Lakin ilk növbədə komandanı qurmalıyıq. Müəyyən etməliyik ki, kimlər gedib, kimlər qalacaq. Müqaviləsi bitən futbolçularla tez bir zamanda masaya oturmalıyıq.

Kuboklardakı uğurlarınızın sirri nədir?
Çempionat oyunları da bizim üçün vacibdir. Futbolçular hər iki cəbhədə vuruşmağı bacarırlar. Psixoloji cəhətdən inam yaratmaq üçün zaman lazımdır. Bütün uğurlarda böyük pay sahibi futbolçudur.

İlk olaraq rəqibin hesabı açmasına sevindiz?
Futbolçuları psixoloji cəhətdən hazırlaşdırmağa çalışdıq. Buraxdığımız qola yaxşı reaksiya verdik. Əvəzetmələrdən sonra komanda daha yaxşı oldu və qələbə qazana bildik.