Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”la qarşılaşan və mövsümdə son səfər matçını keçirən “Qəbələ” rəqib meydanında 2:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu oyunda vurulan iki qolla komanda özünün səfərdəki məhsuldarlıq rekordunu təkrarlayıb. Belə ki, “Qəbələ” cari mövsüm rəqib meydanında keçirdiyi 14 görüşdə 23 dəfə qapılara yol tapıb. Bu, 12-ci mövsümdür yüksək dəstədə çıxış edən “qırmızı-qaralar”ın ən yüksək göstəricisinin təkrarıdır. Futbolçular 2014/15 mövsümündə də rəqib meydanlarında rekord sayda - 23 qol vurmuşdu. Lakin həmin rekordun qeydə alındığı vaxt səfərdə 16 oyun keçirən “Qəbələ” bu dəfə daha az – 14 qarşılaşmada fərqlənib.
13 qolla hazırda Topaz Premyer Liqasının bombardiri olan Dabo Azərbaycan çempionatlarındakı qollarının sayını 20-yə çatdırıb. O, ötən mövsümdə 7 dəfə fərqlənmişdi. Cavid Hüseynov isə Premyer Liqada 14-cü dəfə “Qəbələ” azarkeşlərinə qol sevinci yaşadıb.
“Qəbələ”yə qələbə qazandıran qolların müəlliflərindən Baqali ümumilikdə 27-ci, Cavid isə 19-cu dəfə “qırmızı-qara” formada fərqlənib. Yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalan fransalı bombardirlər siyahısında 3-cüdür. İlk “üçlük”dən başqa, Filip Ozobiç (25) və Rövşən Əhmədovdan da (20) geri qalan 6-cı yerdə qərarlaşan Daniel Subotiçə çatıb.
“Sumqayıt”la matç Dabo üçün daha bir yubileylə əlamətdar olub. O, “Qəbələ”nin heyətində 60-cı oyununu keçirib. O, bu göstəricidə klub tarixinin 29-cusudur.