"Oyunun gərgin olacağını bilirdik, amma özümüzə hədsiz inam var idi. Komanda olaraq oyuna çox ciddi hazırlaşmışdıq. Cari mövsümdə titul qazanmaq üçün son şansımız idi. Şükür, finala adlaya bildik".
Bu sözləri saytımıza açıqlamasında "Keşlə" klubunun futbolçusu Nicat Qurbanov dünən Azərbaycan Kubokunun yarımfinalında "Zirə"ni məğlub edərək həlledici matça vəsiqə qazanmaqları barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi finalda qalib gələrək, Avropa Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib:
"Final oyunu tam fərqi ab-havada olur. İnşallah bu şansdan yararlanıb avrokuboklara vəsiqə qazanmaq istərdik".
Qeyd edək ki, "Keşlə"nin finaldakı rəqibi "Qarabağ"ı penaltilər seriyasında mübarizədən kənarlaşdıran "Sumqayıt" olacaq.
Əlavə edək ki, qarşılaşma mayın 24-də “Bank Respublika Arena”da baş tutacaq. Matçın hansı saatda başlayacağı hələ ki, məlum deyil.