Canni de Byazi ilə uzunmüddətli əməkdaşlıq planlaşdıran AFFA rəhbərliyi millinin italyan mütəxəssisin rəhbərliyi altında uğur qazanacağına inanır.

De Byazinin özü də çalışmaqda və növbəti dəfə Avropa çempionatının final mərhələsinin həyəcanını yaşamaqda maraqlıdır. Bunun üçünsə AÇ-2024-ün final mərhələsi nəzərdə tutulub.

Yığmanın baş məşqçisini narahat edən başlıca məqam futbolçuların legioner həyatı yaşamamasıdır. Özü də açıqlamalarında bir neçə dəfə bu məqama toxunub. Futbolçuların xaricdə top qovmasının vacibliyini vurğulayan təcrübəli mütəxəssis AFFA rəsmilərindən müsbət cavab alıb. 

Offsideplus.az etibarlı mənbədən əldə etdiyi məlumat əsasında xəbər verir ki, ölkənin bir nömrəli futbol qurumu xaricdəki əlaqə vasitələrini işə salıb. Azərbaycan futbolunun və azərbaycanlı futbolçuların Avropadakı reklamı istənilən səviyyədə deyil deyə, yeganə ümid yeri məsələni klub və federasiyalar səviyyəsində həll etməkdir.

Odur ki, AFFA rəsmilərinin ümid etdiyi yer Portuqaliya çempionatıdır. Vaxtilə Emin Mahmudovla Kamran Ağayevin top qovduğu çempionatda daha iki həmyerlimiz oynaya bilər. Bunlar Emil Balayev Ramil Şeydayevdir. Mənbənin bildirdiyinə görə, Balayevlə Şeydayevin vaxtilə xaricdə legioner həyatı yaşamaları, xarici dil biliklərinə sahib olmaları və yığmada bəzi oyunlarda parlaq təsir bağışlamaları əsas üstünlükləridir. Tərəflər razılığa gəlsə və klubların şərtləri qaneedici olsa, hər iki futbolçu növbəti mövsümə Portuqaliyanın yüksək liqasında başlayacaq.

İstəyin həyata keçəcəyini əminliklə demək çətindir. Bilinən odur ki, AFFA milli üzvlərinin legioner həyatı yaşaması üçün əməlli-başlı işə başlayıb.