"Qarabağ"ın futbolçusu Patrik Andrade zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, bu barədə kabo-verdeli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib. O, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab qarşılaşmasına hazır olduğunu bildirib:
“Premyer Liqanın 23-cü turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.
Qeyd edək ki, aprelin 29-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq (İlk oyun: 0-0).