Hesabat turunda "Neftçi" Qəbələ səfərindən 1 xalla dönməklə (2:2) son 2 matçda 5 xal itirmiş oldu.
Çempionluq mübarizəsinin finiş xəttinə yaxınlaşdığını və Premyer Liqanın bundan sonrakı bölümündə maraqlı oyunlara şahidlik edəcəyimizi nəzərə alsaq, həm "Qarabağ"ın, həm də "Neftçi"nin durumu rahat olmayacaq. "Qarabağ" kubokda da yarışacaq deyə, komanda üzvləri fizki baxımdan yüklənəcək. "Ağ-qaralar"da isə futbolçuların cəzalı duruma düşməsi müəyyən mənada təhlükə yarada bilər.
Offsideplus.az xəbər verir ki, "Neftçi"də 7 futbolçu cəza sərhəddindədir. Belə ki, Mert Çelik, Ömər Buludov, Yusuf Laval, Sabir Buqrin, Tallison Diaz və Bruno Teluşi 3, Anton Krivotsyuk isə 7 "sarı" ilə təhlükəli mövqedə qərarlaşıb. Yəni, adları çəkilənlərdən hansısa biri və ya bir neçəsi aprelin 17-də "Zirə"ylə baş tutacaq görüşdə sarı vərəqə alsa(lar), ayın 25-də "Sabah"la səfər qarşılaşmasında iştirak edə bilməyəcək(lər).
Qeyd edək ki, Namiq Ələsgərov sarı vərəqə limitini doldurduğu üçün "Qəbələ"ylə şənbəgünkü görüşdə iştirak edə bilməmişdi.