"Sabah" klubunun baş məşqçisi Ramin Quliyev Premyer Liqamızın 21-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis görüş barədə bunları deyib:
"Ağır qələbə oldu, komandada bu qələbəyə inam yox idi. Yeni ildən bu yana qələbə qazanmırdıq. Bu gün komanda ruhunu gördük".
- Gəlişinizdən sonra nəyi dəyişə bildiniz?
- Milli komandalara gedən 8 futbolçumuz komandada yox idi ki, bu məqam özü çətinlik yaratdı. Komandada əsas özünəinamı yaratmağa çalışdıq. Sanki sonuncu yerlə barışmışdıq. Əsasən məşqlərdə bəzi dəyişikliklər etdik, psixoloji cəhətdən dəyişikliklər oldu. 3 gün ərzində nəyisə dəyişmək asan deyil.
- Rəhbərlik sizin qarşınıza hansı hədəfi qoyub?
- Rəhbərlik qarşıma heç bir hədəf qoymayıb. Çünki burdakı taleyim sual altındadır. Sadəcə bu uğurlar mənim üçün də müsbətdir. Rəhbərlik hədəf belə qoymasa, bu heyətlə özümüz nəsə edə bilərik.
- "Sabah" avrokuboklara düşə bilər?
- 2-3 qələbə qazansaq niyə də olmasın?
- Ramil Şeydayevi bu mövsüm əsasən ehtiyatda görürdük. Qısa zaman kəsiyində necə oldu ki, əsas heyət üzvü oldu?
- Şeydayev potensiallı və keyfiyyətli futbolçudur. Sadəcə olaraq bəzən futbolçu zəif çıxış edir. Ramilə inam lazım idi. Bu gün vurduğu qoldan sonra da daha əmin deyə bilərəm ki, fərqli Şeydayev görəcəksiniz.