Futbol üzrə Qətər yığmasının baş məşqçisi Feliks Sançes millimizə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı mütəxəssis yığmamızın fiziki cəhətdən yaxşı təsir bağışladığını deyib:

"Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin qarşılaşma gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda - Lüksemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz görüşə tam hazırıq. Bu cür matçlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də fürsətdir".

Qeyd edək ki, martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.