DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan oyunu öncəsi millimizin kapitanı Maksim Medvedev AFFA-nın rəsmi saytına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Medvedev dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacaqlarını bildirib:
“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Portuqaliyanın oyunlarını izləmişik. Hansısa mövqedə axsadıqlarını demək çətindir. Əlbəttə ki, bu, bizə problem yaradacaq. Amma bunun da çıxış yolu var. Sıx oynasaq, biri-birimizə dəstək olsaq və fərdi mübrizələrdən məğlub ayrılmasaq, işimizi asanlaşdıra bilərik. Maksimum bacarığımızı ortaya qoymalıyıq. Bütün bacarığımızı nümayiş etdirə bilsək, qol vura bilərik. Müdafiə xəttinə xüsusi diqqət yetirməliyik. Daha sonra standart vəziyyətlərdə və ya əks-hücumlarda istəyimizə nail ola bilərik. Portuqaliya millisinə qarşı daha əvvəl oynamışam. Əvvəlki heyətdən, demək olar ki, tək mən qalmışam. İndi heyətə cəlb olunan futbolçuların çoxu gəncdir. Bu səviyyədə oyunlarda iştirak etməyiblər. Elə futbolçu var ki, heç avrokuboklarda oynamayıb. Avropanın ortabab komandalarına qarşı oynamırıq ki, deyək uşaqlara çətin olacaq. Qrupumuzda yer alan ən çətin rəqibə, dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq”.
Qeyd edək ki, görüş sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.