"Sabah"a böyük ümidlərlə gətirilən Visente Qomeslə yollar ayrıldı.
İspanın komandanı tərk etməsindən sonra baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə tapşırılıb. Lakin bu, çox davam etməyəcək.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi artıq indidən yeni mütəxəssis axtarışlarına başlayıb. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, üstünlük bu dəfə də əcnəbiyə veriləcək. Ölkədə üzdə olan məşqçilərin hər birinin iş başında olması başbilənləri xaricə boylanmağa vadar edib.
Lakin bu dəfə səhv etmək istəmirlər. Jelko Sopişlə Visente Qomes kimi Azərbaycan futbolundan bixəbər çalışdırıcıların kluba və komandaya fayda verməməsi "Sabah"dakı əsas söz sahiblərini fərqli siyasət yürütməyə vadar edib. Azərbaycan futbolunun "mətbəxi"ndən hali olan məşqçini gətirmək lazımdır!
Nəzərdə tutulan bütün məşqçilərin adını bilməsək də, birinin adı məlumdur. Bu, "İnter"lə Azərbaycan çempionu olmuş, "Birlik kuboku"nu Azərbaycana gətirmiş, 2015-2016-cı illər aralığında Gürcüstan yığmasında, son illər isə Qazaxıstanda çalışmış Kaxaber Tsxadadzedir.
Qeyd edək ki, gürcü mütəxəssisin "Ordabası" ilə müqaviləsi ötən ilin sonunda başa çatıb, hazırda evdə oturub təklifləri gözdən keçirməklə məşğuldur.