Qarlı hava şəraiti səbəbindən Premyer Liqamızın oyunlarının keçirilib-keçirilməyəcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, hazırda ağ örpəyə bürünən arenaların qardan təmizlənmə prosesi gedir. 

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat verib.

Qurum rəsmisi Bakıdakı meydançalarla yanaşı, Qəbələ şəhər stadionunda da gərgin işlərin getdiyini bildirib.

O, həmçinin  AFFA və PFL-in klubları sabah hər ehtimala qarşı qırmızı topla da təmin edəcəyini vurğulayıb.

Abbasov, hər hansı fors-major hal olmayacağı təqdirdə oyunların baş tutacağını bildirib.

Qeyd edək ki, sabah, Premyer Liqamızın 17-ci turu çərçivəsində 4 oyunun hamısı eyni gündə keçiriləcək. Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Bank Respublika Arena"da "Sabah" "Keşlə"ni, "Azersun Arena"da isə "Qarabağ" "Səbail"i qəbul edəcək.