Braziliyada olduqca maraqlı olay yaşanıb.

Offsideplus.az xəbər verir ki, çempionluq adına əsas namizədlər "İnternasyonal"la "Flamenqo" üz-üzə gəlib. Birincilərin "Flamenqo"dan icarəyə götürdüyü Rodiney icarə müqaviləsində göstərilən bəndə əsasən bu oyunda yalnız bir şərtlə mübarizə apara bilərmiş: "İnternasyonal" 153 min avro ödəsə.

Klub rəhbərliyinin belə bir niyyəti olmayıb. Lakin oyuna az qalmış fanatlardan biri həmin məbləği ödəyəcəyini deyərək əlini cibinə salıb. Nəticədə Rodiney meydana çıxıb. Çıxmasaydı, ondan yaxşıydı. 

Belə ki, həmin azarkeşin sevimli futbolçularından olan Rodiney ilk hissədə topu öz qapısına göndərib. Bu azmış kimi, ikinci yarının başlanğıcında qırmızı vərəqə alaraq komanda yoldaşlarını azlıqda qoyub. Oyunu isə 2:1 hesabı ilə "Flamenqo" qazanıb.

Bu qələbə sayəsində liderlik kürsüsünə qalxan "Flamenqo" çempionluğa bir addım yaxınlaşıb.