Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” oyunu derbilərdə ən çox qırmızı vərəqənin göstərildiyi qarşılaşma kimi tarixə düşüb.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 4 futbolçu oyundan qovulub. Meydan sahiblərindən Kevin Medina, qonaqlardan Ömər Buludov, Mamadu Kane və Voislav Stankoviç meydanı vaxtından əvvəl tərk edib.

82-ci dəfə ölkə çempionatında üz-üzə gələn komandaların duellərində əvvəllər heç vaxt bu qədər oyunçu meydandan kənarlaşdırılmayıb. Ümumiyyətlə, ölkə çempionatları tarixində bir matçda 4 qırmızı vərəqəyə sonuncu dəfə 2014/2015 mövsümündə təsadüf olunub. 2014-cü il noyabrın 24-də keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” matçında qırmızı vərəqələrin nisbəti oyunun hesabı kimi olub - 2:2.

Bir komandanın eyni oyunda üç qırmızı vərəqə ilə cəzalanması isə sonuncu dəfə 2015/2016 mövsümündə qeydə alınıb. 2015-ci il oktyabrın 18-də “Rəvan” evdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğu oyunu 8 futbolçu ilə başa vurub.

“Neftçi” isə Azərbaycan çempionatları tarixində ikinci dəfə bir qarşılaşmada üç qırmızı vərəqə ilə cəzalanıb. İlk belə hadisə 2013/2014 mövsümündə yaşanıb. 2014-cü il fevralın 9-da keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” matçının (2:2) sonlarında meydan sahibləri bir, qonaqlar üç oyunçusunu itirib. Qalmaqallı görüşdə Tərlan Quliyev 89-cu, Karlos Kardoso və Bruno Bertuççi, həmçinin meydan sahiblərindən Ağabala Ramazanov 90+4-cü dəqiqədə cəzalanıb.

Qeyd edək ki, "Neftçi" "Qarabağ"ı 2:1 hesabı ilə yenib.