"Neftçi" azarkeşləri yeni transfer Əhməd Əhmədovun yolunu səbirsizliklə gözləyir.
Bolqarıstanlı hücumçunun ağ-qara formada necə təsir bağışlayacağı, uğur qazanmaq üçün komandanın əsas parçası olub-olmayacağı hələ ki, cavabsız sualdır. Bunun üçün ilk növbədə Azərbaycana gəlməli, kollektivlə məşqlərə başlamalıdır.
Offsideplus.az xəbər verir ki, Əhmədovun paytaxtımıza gəlişi növbəti həftə baş tutmalıdır. Lakin bu müddət uzana da bilər. Səbəbsə pandemiyanın ortaya çıxardığı müəyyən çətinliklərdir. Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında məsələyə aydınlıq gətirdi: "Əvvəlki dönəmlərdən fərqli olaraq indi koronavirus pandemiyasına görə vizanın alınması ilə bağlı tələblər fərqlidir. Müxtəlif qurumlara müraciət etməli, onlardan cavab gözləməlisən. Əhməd Əhmədovla bağlı AFFA-ya məktub göndərmişik. AFFA Gənclər və İdman Nazirliyinə, nazirlik də Nazirlər Kabinetinə müraciət etməlidir. Səhv etmirəmsə, prosedur qaydası belədir. Bizim düşüncəmizə görə, futbolçu gələn həftə Bakıda olmalıdır. Dəqiq hansı gün gələcəyini deyə bilmərik. Vizanı hansı gün versələr, ən pis halda ertəsi Bakıda olacaq".
Qeyd edək ki, fevralın 9-u "Neftçi" müqavilə ilə Sofiya ÇSKA-sına məxsus olan Əhməd Əhmədovu mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlamışdı.