Ukraynanın "Minay" klubunun kapitanı Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə açıqlama verib. 

Offsideplus.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu detallar barədə danışmaq istəmədiyini qeyd edib:

"Açığı, özümü beynəlxalq səviyyədə sınamaq istəyimə baxmayaraq, hələlik şərh ediləsi xüsusi bir şey yoxdur. Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə 1 il öncə başladı. Axı ata tərəfdən bu ölkə ilə bağlılığım var. Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim "Minay" üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda - DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq".

Nuriyev Ukrayna millisində çıxış etmək arzusunda olduğunu bildirsə də, bunun nə qədər çətin olduğunu etiraf edib: "Hər zaman belə bir arzum olub. Lakin orada çox yüksək rəqabət var. Ölkənin əsas komandasında debüt etmək bir yana, yığmaya çağırılmağım belə gözlənilmir".