Azərbaycan millisinin sabiq oyunçusu Kamran Ağayev uzun fasilədən sonra ilk rəsmi matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, "Səbail"in şərəfini qoruyan 35 yaşlı qapıçı bu gün ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a qarşı hazırda davam edən görüşdə oynayıb.

Komandanın baş məşqçisi Aftandil Hacıyev təcrübəli qolkiperə start heyətində yer verib. "Kapital Bank Arena"da baş tutan matçda "dənizçilər" 0:1 hesabıyla öndədir.

Qeyd edək ki, Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.