21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç AVRO-2023-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Serbiyalı mütəxəssis maraqlı qrupa düşdüklərini bildirib.
Obradoviç rəqibləri yaxşı analiz edəcəklərini söyləyib: "Xorvatiya və Avstriya barədə onu deyə bilərəm ki, bu iki yığmanın səviyyəsi hardasa eynidir. Onlar birinci və ikinci səbətlərdən gəliblər. Təbii ki, hər ikisi çox güclü kollektivdir. Ümumiyyətlə, Xorvatiya və Avstriyanın U-21 yığmaları son 10 ildə yaxşı nəticələr qazanır. Bu komandalara qarşı oynamaq çox çətin olacaq. Serbiya millisində çalışarkən Norveçə qarşı oynamışıq. Taktiki cəhətdən çox yaxşı komandadır. Finlandiya və Estoniyanın son 2 ildəki oyunlarını görməmişəm. Hər bir komandanı yaxşı analiz edəcəyik".
44 yaşlı baş məşqçi qrupdakı heç bir komandadan çəkinmədiklərini vurğulayıb: "İndiki halda rəqiblərin vəziyyəti barədə heç nə deyə bilmərəm. Yalnız ətraflı analizlərdən sonra fikir bildirmək olar. Qrupumuzdakı bəzi komandaların bizdən güclü olmaları mümkündür, amma heç birindən qorxmuruq. Ötən il göstərdik ki, Fransa, İsveçrə və Slovakiya kimi yığmalara qarşı oynaya bilirik. Daha da inkişaf etməli və əzmlə çalışmalıyıq. İndidən qrupu hansı pillədə başa vuracağımızı demək çətindir. Hər şey oyundan və nəticədən asılı olacaq".
Obradoviç bildirib ki, komandası hər şeydən öncə öz oyununa fikir verməlidir: "Bu qaydada hazırlaşmalı və ən əsası, hər matçda birdən çox qol vurmağı öyrənməliyik. Əlbəttə, irəliyə doğru daha bir addım atmaq istəyirik. Bunun üçün keçən ildəkindən daha yaxşı oynamalıyıq. Mənim üçün komandanın xal qazanması yox, aqressiv olması, baxımlı oyun göstərməsi, daim hücumda olması daha vacibdir. Belə olsa, yaxşı nəticələr özü gələcək və turnir cədvəlinin yuxarı sıralarında qərarlaşacağıq".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə birlikdə A qrupunda mübarizə aparacaq. (Report)