Premyer Liqa görüşlərini "Azərsun Arena"da keçirən "Qarabağ" ölkə kuboku ilə bağlı başqa fikirdədir.

Offsideplus.az eksklüziv olaraq xəbər verir ki, ağdamlılar kubokdakı ev matçlarında rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmək fikrinə düşüb. Artıq bununla bağlı PFL-ə məlumat verib, yarışların təşkilinə və keçirilməsinə nəzarət edən qurum müraciəti müsbət cavablandırıb.

Qurumun Texniki-İdman Şöbəsinin rəhbəri Elgiz Abbasov saytımıza açıqlamasında xəbərimizi təsdiqlədi: "Bəli, "Qarabağ" kubokdakı ev oyununu və ya oyunlarını Respublika stadionunda keçirəcək. Klubdan PFL-ə məsələ ilə bağlı müraciət olundu, əməkdaşlarımız da stadiondakı qazonun hansı vəziyyətdə olduğunu yoxlamaq üçün adıçəkilən arenaya baş çəkdilər. Deyə bilərəm ki, qazonda və stadionda heç bir problem yoxdur. Qarşıdakı günlərdə yenidən təftiş olunacaq".

Qeyd edək ki, "köhlən atlar" 1/4 finalda "Turan Tovuz" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala yüksəlmək mümkün olsa, "Sumqayıt" / "Səbail" - "Zaqatala" oyunlarının qalibi ilə üzləşəcək.