"Bilirsiniz ki, UEFA Nurlan İbrahimova ömürlük cəza verib və bu qadağa qüvvədədir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın icraçı direktoru Emrah Çelikel klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun istefasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, komandanın həm avrokuboklarda iştirak edə bilməsi, həm də lisenziyalaşdırma üçün həmin şöbənin işlək vəziyyətdə olmağı lazımdır: "İbrahimov da bunun məsuliyyəti ilə belə bir qərar qəbul etdi. Təbii ki, İdman Arbitraj Məhkəməsinin (CAS) cavabından sonra tam dəqiq danışmaq olar".
Çelikel Mətbuat xidmətinə yeni rəhbər təyin olunacağını vurğulayıb: "Nurlan İbrahimov komandanın üzvü deyil, UEFA-nın qaydalarına görə, bu, mümkünsüzdür. Yalnız qərar dəyişəcəyi halda onun kluba mümkün qayıdışı barədə bir söz demək olar. Hazırda bu yer boşdur. Qaydalara görə, bu vəzifə üçün yeni təyinat olmalıdır. Amma vaxtı dəqiq bilinmir".
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı ermənilərin mülki əhaliyə etdiyi hücumdan sonra sosial şəbəkədəki paylaşımın görə UEFA-dan cəza alıb. O, qitə futbol qurumu tərəfindən ömürlük futboldan uzaqlaşdırılıb. (Report).