Proqnozlar Bürosundan havaların kəskin dəyişəcəyi ilə bağlı xalqa xəbərdarlıq edilib.
Offsideplus.az xəbər verir ki, Türkiyədən şərqə doğru hərəkət edən iki soyuq atmosfer cəbhəsi yanvarın 19-21-i aralığında ölkəmizdən keçəcək. Belədə havanın hərarəti azalacaq, simal-qərb küləyinin sürəti artacaq, sulu qar və qar yağacaq, axşam və gecə saatlarında şaxta müşahidə olunacaq. Paytaxtda və digər rayonlarda havanın hərarəti 5-10 dərəcə aşağı enəcək. Kəskin hava şəraitinin yanvarın 21-nə qədər davam edəcəyi proqnozlaşdırılır.
Qar xəbəri xüsusən uşaqlar üçün sevindirici xəbər sayılsa da, futbol təsərrüfatı üçün heç də xoş yenilik deyil. Havanın hərarətinin azalması, yağıntının və küləyin sürətinin artması Premyer Liqa təmsilçilərinin işini çətinləşdirəcək. Bu mənada PFL rəsmilərinin narahatlığı da başadüşüləndir. Yanvarın 21-də 14-cü turun 3 qarşılaşmasının keçirilməli olduğunu nəzərə alsaq, hava şəraiti müəyyən çətinlik yarada bilər.
Vəziyyət gözlənilən kimi, hətta gözləniləndən də pis olsa, PFL hansı addımı atacaq? Ümumiyyətlə, yararsız hava şəraitinə görə oyunlarının vaxtını dəyişmək mümkündürmü? Sualları PFL-in Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasova ünvanlayıb, cavab gözlədik: "Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları 21-22 yanvar tarixində keçiriləcək. Son illərdə ilk dəfədir ki, bu tarixdə Premyer Liqa rəsmi oyunlarla bərpa olunur. Bəli, hava proqnozu ilə bağlı məlumatları biz də oxumuşuq, izləmişik. Amma bu dəyişiklik etməyimizə səbəb olmayıb.
Buna qədər də oyunlarımız heç də əlverişli olmayan hava şəraitində keçirilib. Təqvim elə bir şeydir ki, bu, qabaqcadan açıqlanır. Odur ki, hava durumunu nəzərə almaq kimi bir şansınız yoxdur. Sadəcə, Əsasnaməmizdə də belə bir bənd var ki, oyunun hakimi, eləcə rəsmi nümayəndəsi hava şəraiti futbolçuların sağlamlığına ziyan verəcək bir həddədirsə, və ya qatı duman varsa, yağışın həddi topun hərəkət etməyəcəyi qədər ciddi problem yaradıbsa, bu zaman oyunu saxlaya və ya başlamaya bilər. Yarımçıq qalan və ya bərpası mümkün olmayan oyunla bağlı yekun qərar isə PFL-ə məxsusdur. Əgər belə bir hal yaşanarsa, Əsasnamə nəzərə alınaraq oyun başqa tarixə təyin olunacaq".