Beynəlxalq dərəcəli hakim, "Neftçi"nin "qızıl dönəmi"ndə klubda vitse-prezident postunu tutmuş Tahir Süleymanov zaman-zaman söz yaradıcılığı bacarığını ortaya qoyur.
"Neftçi" fanatlarının sevimlisi bu dəfə azərbaycanlı döyüşçü futbolçu, vaxtilə "Bakı"nın icraçı direktoru olmuş Yaşar Seyidovun oğlu Valeh Seyidovdan yazıb.
Offsideplus.az həmin yazını təqdim edir: "Tez-tez zəngləşirik, arada imkan daxilində görüşürük, bir-birimizi unutmuruq. Günlərin biri yenidən zəng gəldi. Bir qədər həyəcanlı, məğrur səslə: Əlini çiyninə qoyduğun balaca futbolçu artıq döyüş geyimində, Qarabağdadır.
Bu yazı ruhumuzda çoxdan yazılıb. Sağ-salamat evə, ata yurduna dönməmiş qələmə almadım. Xeyir-dualarımızla gözlədim. Müharibə təzə bitmişdi, yenidən telefonda Yaşar müəllimin səsini eşitdim. Valeh cəbhə bölgəsindən zəng etmişdi, hələ evə dönməmişdi. Bu dəfə Yaşar müəllim qələbə sevinci ilə: Gəlirəm, bir çay içək...
Qalib əsgərin ata sevincini bölüşməkdən gözəl nə ola bilər ki?! Çay dəsgahı yemək süfrəsi ilə əvəz olundu. Yaşar müəllim durmadan fərəhlə, Valehdən, keçdiyi döyüş yolundan danışırdı. Gözlərində alov, qürur, üzündə əsgər nuru var idi. Sanki Valehin dilindən eşidirdik...
Qalib atanın sevincini görmək necə də qürurvericidir. Qulaq asdıqca "Sabahın ulduzları"ndakı balaca Valeh öz komanda yoldaşları ilə "Bakı"nın formasında gözümün önündə yenidən canlanırdı...
Müqqəddəs bayrağımızla mərdi-mərdanə yaşıl meydana çıxırlar, milli himnimizin sədalarına qoşulub hamı bir ağızdan oxuyur, qarşılarında dalğalanan klub, "F.-pley" bayraqlarına baxıb özləri də hələ dərk etmədən bədənlərinə mübarizlik, obyektivlik hüceyrələri hopurdu.
Nə tez böyüdülər... Yaşıl meydana daşıdıqları üçrəngli bayrağımızı qanları, canları hesabına Qarabağ dağlarına sancdılar. Valehin dediyi kimi: "Müharibədən öncəki Valeh deyiləm, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarımızı, dostlarımızı görəndə...."
Mərd oğullarımız şəhidlərimizi heç vaxt unutdurmayacaqlar. Onların ruhunda Qarabağ, torpaq sevgisi, müqəddəsliyi möhürlənib artıq. Qalib Azərbaycanın qalib əsgərləridir! Yaşar müəllim kimi neçə-neçə ata mərd, igid qalib övladlarını qarşılayır. O övladlar tək onların deyil, hər birimizindir, Azərbaycanındır! Müharibə itkisiz olmur. Şəhid atalarının ağrısı-acısı da bizimdir. Geri dönən əsgərlərimizin hər biri onların balalarıdır. Şəhidlərimiz daha uca zirvədədir!
Əllərindən tutub meydana çıxartdığımız balacalar, bu gün Qarabağı azad etdilər. Tarix müəllimlərindən birinin dediyi kimi: "Mən şagirdlərimə dünya tarixini öyrədirdim, onlar mənə Vətən tarixini öyrətdilər". Tarix yazan əsgərlərimizə, onları böyüdən ata-analara, milli ruhda yetişdirən müəllimlərə, döyüş-qalibiyyət yolu göstərən qəhrəman general, zabitlərimizə, vətənimiz Azərbaycana eşq olsun!"