Samir Abasovun "Neftçi"yə təyinatından sonra ispan mütəxəssislə yollar ayrıldı.
Klub rəhbərliyi fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyano ilə əl sıxıb gələcək işlərində uğurlar arzuladı. Çox keçmədən onun yerinə başqa bir ispan gətirildi. Vaxtilə "Sumqayıt"da çalışmış, sonradan Mərt Nobrenin təklifi ilə Super Liqada işləmək üçün "Gənclərbirliyi"nə üz tutmuş Eduardo Karo Balada bundan sonra "Neftçi"nin əsas komandasının fiziki hazırlığına cavabdehlik daşıyacaq.
Offsideplus.az-ın əməkdaşı dünən komandanın "Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan məşqini canlı izləyib. Belədə ispan mütəxəssislə danışmaq fürsətini əldən verməyib. Karo paytaxt təmsilçisinə təyinatından və "Neftçi"nin onun üçün hansı məna daşıdığından danışıb: "Neftçi"nin ölkə futbolu üçün nə demək olduğunu hamı bilir, o cümlədən mən. Böyük tarixi olan, titullara sahib, daim çempionluq uğrunda mübarizə aparan komandadır. Fikrimcə, bu klubda olmaq hər bir məşqçi və futbolçu üçün şərəfdir. "Neftçi" çempionluq sevinci yaşamaq, titullar qazanmaq üçün gəlmişəm. Rəhbərlik tərəfindən komandaya hər cür şərait yaradılıb, yaxşı futbolçularımız var. Əl-ələ verib uğurların arxasınca getməliyik".
Eduardo ilə söhbətdə Türkiyə futbolunun səviyyəsindən, həmçinin "Gənclərbirliyi"ndən ayrılmasından söz açmaya bilməzdik: "Türkiyə futbolu yüksək səviyyədədir. Klubların güclü maliyyə dayaqları var ki, bunun sayəsində səviyyəli futbolçularla güclənirlər. Çempionatdakı rəqabəti bilmək üçün turnir cədvəlinə baxmaq kifayətdir. Çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Təşkilatçılıq və peşəkarlıq da yüksək səviyyədədir. Super Liqa təmsilçisində çalışmaqla təcrübəmin üzərinə yeni təcrübə artırmış oldum. Fikrimcə, gələcəkdə faydasını görəcəm.
O ki qaldı "Gənclərbirliyi"ndən ayrılmağıma, nəticə olmayanda əsas söz sahibinə biz məşqçilər yox, rəhbərlik çevrilir. Komandanın nəticələrində müəyyən eniş olduğundan, məşqçilər heyəti ilə yollar ayrıldı. Sırf buna görə, başqa hansısa səbəb yoxdur".