Artyom Milevski maraqlı açıqlamalarla diqqət çəkib.

Karyerasının 11 ilini Kiyev "Dinamo"sunun heyətində keçirmiş 35 yaşlı hücumçu indiki futbolçularla darıxdırıcı olduğunu deyib. Səbəb isə gənclərin spirtli içkidən uzaq gəzməsidir.

Offsideplus.az xəbər verir ki, Milevski bu sözləri "Dinamo"nun futbolçusu Valeri Bondarın sevgilisi Darya Savinanın verilişində qonaq olarkən dilinə gətirib: "İndikilər spirtli içki içmir, buna görə də mənə onlarla maraqlı deyil. Biz oyuna 2-3 gün qalmış içməzdik. Amma oyundan sonra dostlarla yığışıb pivə içməmək - bu, mənə çatmır. Mənə görə bu, qəribədir. İndiki gənclər oyundan sonra nə edir? Səmimi de, Bondar nə edir? Su, vəssalam, hə?"

Qeyd edək ki, Milevski karyerası ərzində "Dinamo" ilə yanaşı "Qaziantepspor", "Hayduk", "Konkordiya", "Tosno", Brest "Dinamo"sunun şərəfini qoruyub. Ukrayna millisində meydana çıxdığı 50 oyunda 8 dəfə fərqlənib. Hazırda "Minaya"nın uğurları üçün tər tökür.