"3-4 ay oynamasam, futboldan getməyi düşünərəm. Xırda zədələlər gənc oyunçularda da olur, təcübəlilərdə də. Əsas odur ki, futboldan ləzzət alasan. Görsəm ki, artıq ləzzət almıram, o zaman karyeramı bitirmək barədə fikirləşəcəyəm. Bundan sonra ən azı 3 il oynamağı düşünürəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun kapitanı Ruslan Abışov deyib. 33 yaşlı müdafiəçinin Report-a verdiyi müsahibəni təqdim edirik:
- Premyer Liqanın XII turunun "Neftçi" ilə oyununda (0:2) zədə səbəbindən meydana çıxa bilmədiniz. Hazırda özünüzü necə hiss edirsiniz?
- Ayağımda yüngül ağrı olduğu üçün risk etmədik. Düşündük ki, 4-5 günə çempionatda fasilə yaranacaq. Qış toplanışına rahat qoşulmaq üçün oynamamağım məsləhət görüldü. Yüngül zədədir. Hər şey qaydasındadır.
- Son turdakı məğlubiyyəti necə şərh edərdiniz?
- Təəssüf ki, uduzduq. Amma bu cür məğlub olmağı istəməzdim. Deməzdim ki, "Neftçi" bizdən çox üstün futbol sərgilədi. Sadəcə, biz zəif oynadıq. Artıq bu matçı unutmuşuq. Qarşıda "Sumqayıt"la vacib oyunumuz var, buna hazırlaşırıq. Qələbə qazanıb, yuxarı pillələrdəki komandalarla xal fərqini azaltmağa çalışacağıq.
- Deməli, 2020-ci ilin son oyununu da buraxacaqsınız...
- Bəli, "Sumqayıt"a qarşı da oynamayacağam.
- Son vaxtlar tez-tez zədələnirsiniz və bəzən bu, uzunmüddətli olur. Bu mənada, karyeranızı bitirmək barədə düşünürsünüz?
- Hələ bu barədə heç bir şey fikirləşmirəm. Əsas oyuna baxmaq lazımdır. Yaş amili ikinci plandadır. Düzdür, bəxtsiz zədələr olur, ondan qaçmaq mümkün deyil. Mən ötən yay zədələnmişdim. Ondan sonra özümü tam hazır hiss etsəm də, şans verilmirdi. Hazırkı zədəm də ciddi deyil. Maksimum 10 günə sağalacaq. Uzunmüddətli zədələr olsa, 3-4 ay oynamasam, futboldan getməyi düşünərəm. Xırda zədələlər gənc oyunçularda da olur, təcübəlilərdə də. Əsas odur ki, futboldan ləzzət alasan. Görsəm ki, artıq ləzzət almıram, o zaman karyeramı bitirmək barədə fikirləşəcəyəm. Bundan sonra ən azı 3 il oynamağı düşünürəm.
- "Sabah" 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Sizcə, komanda niyə uğursuz çıxış edir?
- Düzdür, komandamız yaxşı oyun göstərir. Yeganə problem odur ki, qol epizodlarından istifadə edə bilmirik. Ən böyük çatışmazlığımız budur. Ələ düşən fürsətləri dəyərləndirsək, nəticə başqa cür olar. Çünki hesabda öndə olan komanda daha inamlı oynayır. Komandada başqa ciddi problem yoxdur.
- Azərbaycan millisinin keçmiş üzvü kimi yığmanın DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını necə qiymətləndirirsiniz? Bilirsiniz ki, Canni De Byazinin başçılıq etdi komanda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq...
- Əvvəlcə onu deyim ki, Millətlər Liqasında hamımız yığmadan yaxşı nəticə gözləyirdik. Çünki bu, bizim kimi milli komandalar üçün böyük şansdır. Təəssüf ki, lazımsız xallar itirdik. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. Hər zaman qrupumuzda bu cür çətin rəqiblər olub, ilk hal deyil. Evdə keçirdiyimiz oyunlarda yaxşı çıxış etməyə çalışırıq. Səfər görüşlərində isə çətinlik çəkirik. Düşünürəm ki, millimiz bütün seçmə mərhələlərdə olduğu kimi, bu dəfə də sürpriz edəcək.