İl sona yaxınlaşır.

Bu isə o deməkdir ki, baş məşqçilər hesabat verməli, AFFA-nın İcraiyyə Komitəsinin (İK) onlayn formatda iclası baş tutmalı, bu və növbəti ildə görülən və görüləcək işlər nəzərdən keçirilməlidir. Dekabrın 31-nə 10 gün vaxt qalsa da, İK-nın iclasından xəbər-ətər yoxdur. 

Offsideplus.az olaraq məsələyə aydınlıq gətirmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: "Nizamnaməyə əsasən AFFA-nın İcraiyyə Komitəsinin iclası ildə 4 dəfədən az olmayaraq keçirilməlidir. 2020-ci ildə komitənin 8 iclası baş tutub. İlin yekunları ilə bağlı İK-nın iclasının olub-olmayacağı qarşıdakı günlərdə bilinəcək. Bununla bağlı indi konkret fikir bildirə bilmərəm".

Bəs Hesabat Konfransı? Hər ilin ilk 3 ayı ərzində baş tutan Hesabat Konfransı ənənəyə uyğun olaraq 2021-ci ilin əvvəlində keçiriləcək. Dəqiq tarix bilinir? Tarix bilinməsə belə, hansı ayda olacağı məlumdur? Firuz bəyi dinləyək: "Bu məsələyə İcraiyyə Komitəsinin iclasında aydınlıq gələ bilər. Komitənin iclası olsa, dəqiq məlumat veriləcək. Hətta bu ay da olmasa, çox güman, növbəti ilə təsadüf edən ilk iclasda Hesabat Konfransının vaxtı ilə bağlı qərar qəbul olunacaq".