Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun futbolçusu Dani Kintana matçdan sonra jurnalistlərə açıqlama verib.

Offsideplus.az xəbr verir ki, 31 yaşlı yarımmüdafiəçi ilk olaraq, çempionluq sevincini və oyun haqda fikirlərini səsləndirib: “Bugünkü matçda qalib gəlməsək belə, çempion olmaq şansımız var idi. Amma istənilən halda, oyunu layiqli qələbəylə bitirmək istəyirdik. Bu meydan istənilən rəqib üçün çətin səfər sayılır. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. 5-ci dəfə ardıcıl çempion olduq. Məncə, çempionluğa layiq idik”.

 O, Ağdam klubu ilə Avropada yüksək nəticələr qazanmaq istədiyini söyləyib: “Hər bir futbolçu üçün çempionluq həvəs, istəkdir. Öncədən oynadığım klubların da məndə ayrı-ayrılıqda yeri var. “Qarabağ”ın isə məqsədləri başqadır. Hər zaman Avropada yüksək nəticələri özünə hədəf qoyur. Bu dəfə də məqsədimiz Avrokuboklarda oynayıb, “Qarabağ”ı ən yüksək səviyyədə təmsil etməkdir”.

D. Kintana komandadakı gələcək taleyi haqda da danışıb: “Qarabağ”da növbəti mövsüm qalacağım hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir.  Qısa müddətdə hər şey aydın olacaq”.