Qətərli futbolsevərlər yeri çempionatda “tiki-taka”lı qol izləyiblər. Bu, “Əl-Sədd”lə “Əl-Qərəfə” (4:1) komandaları arasında baş tutan oyunda baş verib.
Offsideplus.az xəbər verir ki, “Barselona”nın əfsanəvi futbolçusu Xavi Hernandesin çalışdırdığı “Əl-Sədd” baxımlı qola imza atıb. Futbolçular 9 ötürmədən sonra rəqib qapısına yol tapmağı bacarıb.
“Əl-Sədd”in son vaxtlar sərgilədiyi futbol Pep Qvardiolanın dönəmindəki “Barselona”nı xatırladır. Xavinin çalışdırdığı komanda 9 oyundan sonra 8 qələbə qazanıb, 1 heç-heçə etməklə turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Ötən mövsüm adıçəkilən komanda çempionatı bürünc medallarla başa vurub, ölkə kubokuna sahib olmuşdu.
Xavi jurnalistin ünvanladığı “Barselona”da işləmək istəyərsizmi” sualına cavabı maraqlı olub: “Sevinirəm ki, məşqçi təcrübəmi artırıram və yeni uğurlara doğru addımlayıram. Qarşımda ciddi hədəflər durur. Əlbəttə, “Barsa”nı çalışdırmaq xoş olardı. “Barselona”da Yordi Kroyf, Karles Puyol və bir neçə sabiq futbolçulardan ibarət məşqçilər korpusu formalaşdırmaq istərdim. Klubu tanıyan, güvənə biləcəyim insanlarla gözəl kollektiv formalaşdırmaq xoş olardı”.
Qeyd edək ki, 1997-2015-ci illər aralığında “Barselona”da çıxış etmiş 40 yaşlı mütəxəssis 2015-2019-cu illər aralığında “Əl-Sədd”in formasını geyib. Ötən il karyerasını başa vuran Xavi məşqçiliyə başlayıb.