"Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsi:
- Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Neftçi"ni 6 cavabsız qolla məğlub etdiniz. Əvvəlcə bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Oyunu çox yüksək səviyyədə keçirdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı köklənmişdik. Komandamız əla oynadı. Bəlkə də hesaba baxıb qələbənin asan başa gəldiyini düşünənlər var. Amma belə deyil. Düzdür, üstünlük tamamilə bizim tərəfimizdə idi. Erkən qol vurmağımız əlavə stimul oldu, əhval-ruhiyyəmizi yüksəltdi. Bu amil rəqibə pis təsir etdi. Əlimizə düşən fürsətlərdən maksimum yararlanıb, inamlı qələbə qazandıq.
- Yəqin ki, matçdan öncə bu hesabla qələbə qazanacağınızı özünüz də gözləmirdiniz...
- Fikrimcə, nəinki mən, komandamızdan heç kəs hesabın bu cür olacağını gözləmirdi.
- "Qarabağ"ın qələbəsində əsas pay sahibi siz oldunuz. Vurduğunuz 3 qolla bağlı nə deyə bilərsiniz?
- Düzdür, het-trik etdim. Amma mən daha çox qələbəmizi qabardardım. Bütün komanda yoldaşlarım yüksək səviyyədə oynadı. Sadəcə, 3 qol vurmaq mənim bəxtimə düşdü. Buna görə məmnunam. Lakin bayaq da dediyim kimi, əsas olan 3 xaldır.
- "Qarabağ" ölkə çempionatında son iki oyunda 12 qol vurub...
- Həqiqətən sevindirici haldır. Son iki matçda yüksək məhsuldarlıq nümayiş etdiririk. 12 qol vurmaq bizi sevindirir. Bunun təsadüf olduğuna inanmıram. Bu, əziyyətimizin, məşqlərdə səylə çalışmağımızın nəticəsidir. Dayanmaq olmaz. Daha böyük uğurlar üüçn öz üzərimizdə işləməliyik.
- Demək olarmı ki, "Qarabağ" Premyer Liqadakı son iki qələbə ilə yenə də çempionluğa ən real namizəd olduğunu sübut etdi?
- Qarşıda hələ çox oyun var. Komandalar xal itirəcək. Son oyunlardakı inamlı qələbələr bizi aldatmamalıdır. İndidən rahatlaşmaq olmaz. Hələ heç nə bəlli deyil.
- Çempionatdan fərqli, Avropa Liqasında 3 oyuna cəmi 1 qol vurmusunuz. Eyni oyunu və məhsuldarlığı avrokuboklarda niyə göstərə bilmirsiniz?
- Açığı, biz də Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Amma nəzərə alaq ki, qrafikimiz çox sıxdır. 3 gündən bir oyuna çıxırıq. Bu, istər-istəməz oyunumuza təsir edir. Təbii ki, burada rəqib amili də rol oynayır. Səviyyə fərqi özünü göstərir. Həmin komandalar daha güclü liqalarda çıxış edirlər və öz çempionatlarının sayılıb-seçilən klublarındandır.
- "Qarabağ" mövsümə yaxşı başlamadı. Komandada həm fiziki, həm də psixoloji yorğunluq var idi. Böhrandan çıxdığınızı düşünmək olar?
- Bir çox komandada eyni vəziyyəti müşahidə etmək olar. Bunu pandemiya ilə əlaqələndirərdim. Fasilə həddindən artıq uzun oldu. Komandanın toparlanması, əvvəlki formasını bərpa etməsi üçün vaxt lazım idi. Ona görə də mövsümün əvvəlində istədiyimiz vəziyyətdə deyildik.
- Milli komandaların oyunları ilə bağlı çempionatda 2 həftəlik fasilə yarandı. Bundan istifadə edib, ölkənizə gedəcəksiniz?
- Xeyr, indi Xorvatiyaya getmək planımda yoxdur. Onsuz da qış fasiləsinə elə çox vaxt qalmayıb. Bakıda qalmağa üstünlük verirəm. Üstəlik, 1 həftədən sonra sevgilim bura gələcək. Bu səbəbdən Bakıda qalacağam.
- Cari mövsümün sonunda "Qarabağ"la müqaviləniz başa çatacaq. Komandadakı gələcəyinizi necə görürsünüz?
- Bu barədə hələ heç bir fikir bildirmək istəmirəm. Sadəcə, onu deyim ki, komanda, şəhər, buradakı ab-hava, təşkilatçılıq ürəyimcədir. Tək mən yox, sevgilim də Bakını çox sevir. Bir sözlə, bura hər ikimizin xoşumuza gəlir.
- Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. 4 ildən çoxdur ölkəmizdəsiniz. Yəqin ki, bununla bağlı deməyə sözünüz var...
- Bilirəm ki, Azərbaycan xalqı uzun illərdir səbrlə işğal olunmuş torpaqlarının azad edilməsini gözləyirdi. Artıq həmin ərazilər geri qaytarılıb. Hamını təbrik edirəm.