Yığmanın Kiprlə bərabərə qalmasına görə tənqid atəşinə tutulan iki nəfər idi: biri Qara Qarayev, digəri Ramil Şeydayev. “Qarabağ”lının məsələsi aydındır, penaltini boşa vermişdi. Ramilsə 11 metrlik cərimə zərbəsinin səbəbkarı olmasına baxmayaraq, biri-birindən vacib qol imkanlarını boşa vermişdi.
Ramil Rusiya ilə Azərbaycan arasında seçim edərkən yetişdiyi yox, kökən bağlı olduğu ölkəni seçməklə böyük rəğbət qazandı. Rusiyalı mütəxəssislər indiyə qədər onu qınayır. Lakin o, bizi seçdi, bizimlə olmaq istədi. Və millidə çıxış etdiyi bütün oyunlarda meydanda can qoyması ilə rəğbət qazanıb. Hətta qol vurmasa belə, canfəşanlığı, Azərbaycan adının uca tutulması üçün göstərdiyi inadkarlıq nəyə desən deyər.
Vətənpərvərliyini önə çəkib, futbolçu bacarığına arxa çevrimək niyyətindən uzağıq. Futbolun sirrlərinə Rusiyada yiyələnməsi hər imkanda özünü göstərir. 2017-ci ildə Almaniya yığmasının müdafiəçisi Rüdigeri yerə sərib qol vurması yaddaşlardan silinməyib. Elə ötən ay Lüksemburqun qapısına başla vurduğu qol da kifayət qədər baxımlı alınmışdı.
Nə işdirsə, Ramil bu il öncəki illərdəki qədər parlaq görünmür. Adam 2020-ci ildə “Sabah”da cəmi 8 oyuna çıxmaqla (3-ü ötən, 5-ci cari mövsümdə) 2 qola im za atıb. Yığmadakı göstərici də xoş deyil: 4 oyun, 1 qol.
Təbii, başlıca səbəb klubunda adət etdiyi mövqedə - hücumun sivri ucunda yox, yarımmüdafiənin cinahlarında şans qazanmasıdır. Belə olduğu halda qapını görməməsi, qol hissini itirməsi normaldır. Digər səbəb isə yaş artıqca Ramilin texniki imkanlarını artırmamasıdır. Topla rəftar və həlledici anda qərar qəbul etmək baxımından “axsayır”.
Bunun üçün nə etməlidir? Sabiq milli üzvlərinin Şeydayevlə bağlı fikirləri necədir? Hazırkı durumu barədə nə fikirləşirlər? Onların dilindən eşidək.
Nazim Əliyev (milli çempionatlar tarixinin ən sərrast futbolçusu): “Epizodlara baxmışam. Ramilin qaçırdığı qol imkanlarını da görmüşəm. Əvvəla onu deyim ki, Şeydayev bəyəndiyim hücumçudur. Fiziki hazırlığı, başla oynamaq bacarığı və ən əsası, məktəb keçməsi sözünü deyir. Amma hər hücumçuda qol duyumu yüksək olmur, bunu unutmamalıyıq. Hücumçu var, heç nə etmədən qol vurur. Çünki mövqe seçməyi bacarır. Hücumçu da var, hər şey edir, amma qol vurmaqda çətinlik çəkir. Ramil belələrindəndir. Sırf Kiprlə oyunda boşa verdiyi imkanlar təcrübəsizlikdən irəli gəlirdi. İki epizod var idi ki, orda topa başqa cür toxunmaq lazım gəlirdi. Bir şeyi də qeyd edim, hücumçu ilk şansı əldən verəndə, onda gərginlik yaranır. Bu da növbəti epizodlarda tələskənlik yaradır. Ramil həvəsdən düşməməlidir. İlk növbədə özünəinamı qaytarmalıdır və məşqlərdə həlledici zərbələr üzərində çalışmalıdır. Məşqdən sonra qapıçıyla qalıb əlavə yarım saat məşq etməsi xeyrinə olar”.
Zaur Ramazanov (2004-05, 2006-07 mövsümlərinin bombardiri) : “Yaxın qohuma görə cəbhə bölgəsinə getmişdim deyə, yığmanın oyunu vaxtı yoldaydım. Matçı canlı izləyə bilməsəm də, sonradan icmala baxdım. Ramil yaxşı futbolçudu. Başla yaxşı oynayır, fiziki imkanları genişdir. Onun ən böyük üstünlüyü gövdəsindən yararlana bilməsidir. Fikir verirsizsə, ikili mübarizələrdə yaxşıdır. Bizimkilərin əsas bəlası bilirsiz nədir? Hücumçuların rəqiblə təkbətək mübarizələrdə qalib gələ bilməməsi. Deyim ki, qol vura bilmir, bu da doğru olmaz. Ramil “qara zolağa” düşüb, özünəinamı itirib. Özümdən götürüm, o vaxt “Xəzər Lənkəran”dan “Qarabağ”a keçəndə, ilk oyunum “Bakılı”ya qarşı idi. Oyunda qapıçıyla 10 dəfə təkbətək çıxdım, heç birində qol vura bilmədim. Top konkret qapıya girmək istəmirdi. Qarşıdakı matçlarda bu cür də davam etdi. Ona görə də Şeydayevi qınamağın tərəfdarı deyiləm. Həvəsdən düşmək olmaz. Oyunun təkrarına baxmalı, harda nə etməli olduğunu bilməlidir, çatışmazlıqların üstündə işləməlidir”.