“Səbail” klubunun futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 40-cı qolunu vurub.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 4-cü turunun “Sabah”la görüşünə təsadüf edib. 2:1 hesablı qələbəyə qolla töhfə verən yarımmüdafiəçi yubiley topuna imza atıb.
Əfran həm də qolsuzluq seriyasına son qoyub. Ötən mövsüm də qol vurmayan futbolçu sonuncu dəfə 2019-cu il fevralın 16-da “Sumqayıt”ın üzvü kimi “Keşlə”nin qapısına yol tapıb. Komandasının 1:2 hesablı məğlubiyyətindən 588 gün sonra İsmayılov növbəti dəfə fərqlənib.
“Səbail”də qol hesabını açan Əfran özünün 7-ci komandası ilə Premyer Liqada fərqlənib. İlk qolunu 2008/09 mövsümündə “Turan”da vuran Əfran Tovuz təmsilçisində 2, “Qarabağ”da 22, “Bakı”da 8, “Sumqayıt” və “İnter”də (indiki “Keşlə”) 3, “Xəzər Lənkəran”da 1 qol vurub.
“Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsindən qol vuran yarımmüdafiəçi Premyer Liqada 10-cu dəfə penaltidən qol sevinci yaşayıb. O, yerinə yetirdiyi 10 zərbədə yüz faizlik dəqiqlik nümayiş etdirib.
Qeyd edək ki, Əfran ölkə çempionatları tarixinin ən məhsuldar futbolçuları sırasında 55-59-cu yerlərə şərik çıxıb. O, 40 qol vuran Mehman Allahverdiyev, Samir A. Məmmədov, Fernando Peres və Junivan Suaresə çatıb.