“Nə qədər çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik. Rəqib bizdən daha istəkli idi. Bu, meydanda da görünürdü. Çox top itkilərimiz olurdu. Yaxşı hazırlaşa bilməmişdik. Qalib gəlmək istəsək də, alınmadı”.
Offsideplus.az xəbər verir ki, bunu “Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IV turunda evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, komandası son dəqiqələrdə qol vurub məğlubiyyətdən qaçmaq istəyirdi: “Uduzmaq istəmirdik. Hətta qalib gəlmək üçün meydana çıxmışdıq. Amma vaxt çatmadı. Yenə deyirəm, komandam yaxşı oynamadı”.
O, müdafiəçi Anton Krivotsyukun çıxışına da toxunub: “Anton pis oyunçu deyil. Düzdür, çox səhvlər etdi. Amma yaxşı futbolçudur. Gərək, özü də məsuliyyətli olsun. Çünki uşaq deyil. Zəif oynayacaq, ehtiyatda qalacaq”.
Baş məşqçi Prins İbaranın əvəzlənməsinin səbəbini açıqlayıb: “İbara yorulmuşdu. Hələ tam formasını yığmayıb. İki hücumçu ilə oynaya bilərdik. Amma belədə məğlub da ola bilərdik. Futbolçular oyuna daha yaxşı hazılaşmalıdırlar”.
Məmmədov bərabərlik qolunun müəllifi olan Samir Buqrinin qarşıdakı matçlarda meydana start heyətində çıxa biləcəyini istisna etməyib: “Məşqlərinə baxacağıq. Son matçlarda zəif oynamışdı. Belə davam etsə, start heyətində meydana çıxa bilər”.
Məmmədov bildirib ki, top saxlamaq üçün keyfiyyət və praktika lazımdır: “Düşünürəm ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Məşqlərdə topla oynamağa üstünlük veririk. Amma oyun fərqlidir. İstədiyimiz alınmadı. “Şkupi” ilə matçda başqa səhvlər var idi. Bu gün meydanda komandamın topu qazanandan sonra açılmasını görə bilmədim”.
Mütəxəssisin sözlərinə görə, futbolçularda psixoloji hazırlığı yüksəltmək üçün çox çalışırlar: “Onlar uşaq deyillər. Özlərini oyuna hazırlamalıdırlar. İstək olmayanda, bədən də oyuna hazır olmur”.
Məmmədov belə zamanlarda futbolçuların yanında olmağın vacibliyini vurğulayıb: “Bu gün qələbə qazanmaqla turnir cədvəlində lider ola bilərdik. Bunu futbolçulara da demişdik. Sadəcə, tam köklənə bilmədilər. Oyunlar mübarizə şəraitində keçir. Kim daha yaxşı mübarizə aparsa, o da qələbə qazana biləcək. Cəza versək, bu, oyunçuların ziytanına ola bilər. Oyunları analiz edirik, səhvlərini göstəririk, amma meydanda səhvlər edirik”. (Report)