UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Kipr - Azərbaycan oyunu öncəsi Kipr milli komandasının mətbuat konfransı təşkil olunub.
Offsideplus.az xəbər verir ki, Kipr yığmasının baş məşqçisi Yohan Valem ilk oyunda Monteneqroya uduzan futbolçularının millimizlə oyuna hazır olduğunu açıqlayıb:
“Monteneqro ilə matç bizim birinci oyunumuz idi. İlk təcrübədir. Bu oyunda müdafiə olunmaq baxımından yaxşı idik. Məğlub olsaq belə, məncə pozitiv məqamlar da oldu. Azərbaycanla oyuna gəldikdə isə, fikrimcə, futbolçular oyuna hazırdılar. Düşünürəm ki, biz bu oyunda qalib gəlməyi bacaracağıq. Rəqibə hörmət edirik, yaxşı heyətləri var. Ciddi rəqiblə qarşılaşacağıq, daha intensiv futbol oynamalıyıq. Bu daha fərqli oyun olacaq. Öz futbolçularıma inanıram. Əhval-ruhiyyəmiz yüksək olmalıdır ki, bu yanaşma ilə meydana çıxaq. Sırf bunun nəticəsində uğur qazana bilərik. Millətlər Liqasında millimiz uğurlu çıxış etməlidir və mən bunun belə olacağına inanıram”.
Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub.