Peşəkar Futbol Liqası (PFL) ötən gün Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.
4 elementin vəhdətindən hazırlanan loqo futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri loqonun plagiat olduğunu, bəziləri isə Azərbaycan deyil, Bakı çempionatını əks etdirdiyini etdirdiyini bildirib.
Loqoda istifadə olunan elementlərin izahına gəlincə, alov “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir, dalğavari hissə Xəzər dənizinə işarədir, qartal Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir, qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Offsideplus.az-a açıqlamasında loqonun plagiat olması barədə iddialarla razılaşmayıb: "Loqonun plagiat olmağının heç bir əsası yoxdur. Sosial şəbəkələrdə paylaşılan loqoya baxdıq, yaxından-uzaqdan bizim hazırladığımızla oxşarlığı yoxdur. Yəqin ki, insanlar həmin loqoda da qartal təsvir olunduğuna görə analogiya görüblər. Lakin bu, plagiat olmağa əsas vermir. Loqomuzu öz dizaynerimiz hazırlayıb, öz sosial şəbəkə hesabında da ilk eskiz halından tutmuş kompüter formasına salmağına, tam hazır olmamış nümunələrə kimi paylaşıb. Plagiat olmağı ilə bağlı iddiaları rədd edirik, hazır saytlardan götürüləndə adətən loqonu rəngləməklə kifayətlənirlər. Bizim dizayner isə loqonu yaratmaq üçün ilk olaraq əl ilə, sadə karandaşla çəkib. Yenə də deyirəm, qartala görə deyirsinizsə, dünyada milyonlarla qartal loqosu var".
PFL rəsmisi "Bakı birinciliyi" yanaşmasının da yanlış olduğunu bildirib: “Bakı birinciliyi” ifadəsi ilə də qəti razı deyilik. Loqonun izahında da göstərmişik – “odlar yurdu” ifadəsi ölkəmizə aiddir, Bakıya yox. “Odlar yurdu Azərbaycan deyilir”, Bakı yox. Xəzər dənizi də həmçinin, tək Bakıya aid deyil – Xəzər Bakıda da, Lənkəranda da, Nabranda da, Siyəzəndə də, Neftçalada da var. Sadəcə olaraq Xəzər dənizi loqumuzda dalğaları ilə gücü xarakterizə edir. O ki qaldı qartala, həm gücü, həm qüruru, həm də məğrurluğu ifadə edən quşdur. Vətənimizin xəritəsi həmişə qartala bənzədilib. Düşünürəm ki, yeni loqomuzda milli çalarlar kifayət qədərdir".
Aslan Şahgəldiyev loqo ilə bağlı iradlara normal yanaşsa da, "pul silmək" barədə yazılan fikirlərin onları dəhşətə gətirdiyini deyib: "Ən pis təsir edən odur ki, bəzi insanlar yazırlar ki, “pul silmişik”.10 , 20, 30 min məbləğdən söhbət gedir. Bilirsiz bu nə deməkdir? Bu PFL-in bütün əməkdaşlarının 1 aylıq əmək haqqı büdcəsidir. Bu cür fikirləri görəndə dəhşətə gəldik. Bu iş üçün can qoyan, əziyyət çəkən insanların zəhmətinə qiymət vermədən tanımadıqları şəxslər barəsində şər-böhtan xarakterli fikirlər yazmaq, mühakimə etmək heç bir qaydalara sığmır. Loqonu öz dizaynerimiz hazırlayıb, onun halal zəhmətinin məhsuludur. Bilib-bilmədən “loqo plagiatdır” deyib dizaynerimizin haqqını yemək lazım deyil. Razıyam ki, özəl şrikətlər bəzi qurumlara 30 minə, 40 minə loqo hazırlayırlar. Açığı, bizim elə büdcəmiz yoxdur ki, hansısa özəl şirkətə bizə loqo hazırlasın deyə maliyyə ayıraq. Loqo bizə hər hansı xərcə başa gəlməyib. Dizaynerimiz hazırlayıb və onun loqo əvəzində alacağı məbləğ elə hər ay aldığı maaşıdır".
A. Şahgəldiyevin idman jurnalistlərinin "pul silinməsi" barədə əsassız ittihamlarına isə cavabı sərt olub:
“Pul silinmək”lə bağlı azarkeşlərin yazdığını normal qarşılamaq olar, onlar azarkeşdir, çox şey yaza bilərlər. Təəssüf doğuran odur ki, eyni mövzuda bəzi jurnalistlər də yazıb. Heç bir araşdırma, məlumat olmadan böhtan xarakterli nəsə yazmaq düzgün deyil. Kiminsə ittihamı varsa, araşdırsın, yazsın. İndi mən də şər atıb yalandan desəm ki, həmin jurnalist o statusu yazmaq üçün kimdənsə 200 azn alıb, necə olacaq, xoşuna gələcək? Düzdür, mən inanmıram ki, o statusun yazılmağı üçün pul alınıb. Amma mən də eyni cür düşünə bilərəm, eyni şeyi deyə bilərəm. Yenə də deyirəm, azarkeş yazsa, başa düşərəm. Jurnalistin araşdırmadan, heç bir əsası olmayan yazmağı isə düzgün deyil.
Bəyənmirsinizsə, yazın ki, bəyənmirəm. Tənqid etmək istəyirsinizsə, edin. Kiminsə loqomuzu bəyənməməyi çox normaldır. Amma şərləmək normal deyil. “Pul silmək”dən danışırsınızsa, ad çəkin, kimin sildiyini yazın ki, biz də bilək, cavabımızı konkret verək. Bəlkə məni nəzərdə tutursunuz? İndi biz iş-gücümüzü atıb gedib sizi məhkəməyə verməklə məşğul olmalıyıq? Olmur axı belə, ayıbdır. Nəyisə yazanda düşünmək lazımdır. Əgər “pul silmək” deyəndə məni nəzərdə tuturlarsa, mən də eyni cür status yaza bilərəm – daha dəqiq, daha düzgün, daha detallı və sübutlu, ehtiyac yaranarsa, daha təhqirli də ola bilər.
Nəyə görə təhqir? Çünki bu barədə yazılanları təhqir kimi qəbul edirəm. Uzun illərdir Azərbaycan futbolunda çalışıram. Bu sahədə yüksək səviyyədə gəlirimiz də olmayıb. Həmişə işimi vicdanla görməyə çalışmışam. İndi kiminsə yerindən durub məni ləkələməyə çalışmağına göz yuma bilmərəm. Kimliyindən asılı olmayaraq. Eyni cür status yaza bilərəm, amma şərləməklə məşğul olmaram, əvəzində cavabım daha ciddi və daha kəskin olar".