"Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum"
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Kevin Medina klubun mətbuat xidmətinə açıqlamasında deyib. Portuqaliyanın "Çaves" klubunun mərkəz müdafiəçisi Kevin Medina ilə 3 illik müqavilə imzalanıb.
Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu keçən ilin yayından "Çaves"də çıxış edirdi. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovense", "Sintrense", "Moura" və "Naval"ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.
Yeni transfer Ağdam təmsilçisinə keçidi barədə fikirlərini bölüşüb:
"Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, "Qarabağ" barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm. Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, "Qarabağ" ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacam ki, komandanın uğurlarına kömək edim".