İyunun əvvəlində "Neftçi"dən ayrılan futbolçu Donald Gerye Azərbaycanı tərk etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Report"a 31 yaşlı cinah oyunçusunun özü məlumat verib.
Hazırda azad agent statusu daşıyan haitili legioner bildirib ki, Türkiyədən təklifləri var: "Superliqadan iki klubla danışıq aparırıq. Amma hələlik mövcud vəziyyətlə bağlı ora gedə bilmirəm. Türkiyə hökumətinin sərhədləri açmasını gözləyirəm".
Gerye karyerasını Azərbaycanda davam etdirə biləcəyini də istisna etməyib: "Menecerim "Qarabağ"la danışıqları davam etdirir. Lakin hələ heç nə bilinmir. Hər şey təklifdən asılıdır. Hansı variant sərfəli olsa, onu da seçəcəyəm".
Haiti millisinin üzvü "Neftçi"dən ayrılmasının səbəbini də açıqlayıb: "Müqaviləm başa çatdıqdan sonra mövsümün qalan hissəsində pulsuz oynamağımı xahiş etdilər. Mən isə bunun mümkün olmadığını söylədim. Digər legionerlər isə başqa seçimləri olmadığı üçün təkliflə razılaşdılar. Həm də onların müqavilələri iyunun sonunda başa çatacaq".
Qeyd edək ki, bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb 1 qol vuran Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye iki dəfə Azərbaycan çempionluğunu (2018, 2019) qazanıb.